Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?

Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?
SOSİAL
16:12 11.09.2026
117

Hazırda təhsil sahəsində müzakirə olunan məsələlərdən biri bakalavr təhsil müddətinin 4 ildən 3 ilə endirilməsidir.

Təhsil müddətinin bir il azaldılması tələbələrin ali təhsili daha qısa müddətdə başa vurmasına və əmək bazarına daha tez daxil olmasına imkan yarada bilər. Lakin bu dəyişiklik tədrisin keyfiyyəti və tələbələrin əldə etdiyi bilik və bacarıqlar baxımından müəyyən suallar da doğurur.

Maraqlıdır, bakalavr təhsilinin bir il azaldılması ali təhsilin keyfiyyətinə necə təsir edəcək?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, təhsil müddətinin azaldılması avtomatik olaraq təhsilin keyfiyyətinin aşağı düşməsi demək deyil:

"Hər dəfə bu mövzu gündəmə gələndə cəmiyyətdə avtomatik olaraq bir tərəddüd yaranır ki, görəsən, təhsil müddətini bir il azaltmaq keyfiyyətin aşağı düşməsinə gətirib çıxaracaqmı? Lakin məsələyə realist və müasir təhsil metodologiyası baxımından yanaşsaq, görərik ki, illərin sayı heç də biliyin dərinliyi demək deyil. Əgər biz 4 illik bakalavr proqramlarının daxilində illərdir təkrarlanan, öz aktuallığını itirmiş nəzəriyyələri və lazımsız yükü kənarlaşdırsaq, diqqəti sırf tətbiqi bacarıqlara və analitik düşüncənin inkişafına yönəltsək, keyfiyyət itməz, əksinə, dəfələrlə artar”.


Ekspert qeyd edib ki, müasir əmək bazarında əsas tələb məzunun neçə il təhsil alması deyil, əmək bazarına nə dərəcədə hazır olmasıdır:

"Bu gün qlobal əmək bazarının ali təhsildən əsas gözləntisi illərlə diplom üçün auditoriyada oturmaq yox, bazara nə dərəcədə hazır və çevik kadr kimi daxil olmaqdır. Əlbəttə, burada ən kritik məqam məsələyə mexaniki yanaşmamaqdır. Düzgün idarə olunan sistemdə hər ixtisasa eyni şablon tətbiq edilmir. Tibb, mühəndislik və ya fundamental elmlər kimi gündəlik laboratoriya təcrübəsi və geniş akademik baza tələb edən ixtisaslarda təhsil müddətinin eyni dərəcədə saxlanılması vacibdir. Amma İT, biznesin idarə edilməsi, marketinq, sosial və humanitar istiqamətlərdə proqramları intensivləşdirib, dərsləri layihəyönümlü qaydaya salmaqla təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür”.

Ekspertin sözlərinə görə, bakalavr təhsilinin 3 ilə endirilməsi tələbələrin əmək bazarına daha tez çıxmasına da şərait yarada bilər:

"Bu, gənclərə bir il vaxt qazandıracaq, ailələrin, həmçinin dövlətin təhsil xərclərini azaldacaq. Ən əsası isə tələbənin əmək bazarına daxil olma müddətini sürətləndirəcək. Mən düşünürəm ki, keyfiyyəti qorumağın tək yolu sadəcə təhsil illərini azaltmaqla deyil, kredit sistemini, tədris proqramlarını və qiymətləndirmə standartlarını köklü şəkildə optimallaşdırmaqdan keçir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR