Bakı Ali Neft Məktəbindən daha bir yenilik

Bakı Ali Neft Məktəbindən daha bir yenilik
Bütün Xəbərlər
15:25 21.01.2013
1001

Bu gün Avstriyanın Azərbaycandakı səfiri Silvia Maye-Kaybiç Bakı Ali Neft Məktəbində olub. 

AZXEBER.COM-un məlumatına görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, BANM-in yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan və ARDNŞ üçün beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanmasıdır. BANM-a ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən məktəb üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Avstriyanın elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Avstriyanın Azərbaycandakı səfiri Silvia Maye-Kaybiç BANM-a gəlişindən məmnunluq hissi keçirdiyini bildirib. Səfir Azərbaycanda müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulayaraq deyib ki, Avstriya hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Bu baxımdan BANM ilə Avstriyanın tanınmış Leoben Montan Universiteti, Avstriya İqtisadiyyat Palatası və Vyanadakı Neft-Kimya Kompleksi arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşün sonunda səfir Silvia Mayer-Kaybiçə BANM-nin “Fəxri qonaq” diplomu verilib.

OXŞAR XƏBƏRLƏR