Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
SOSİAL
17:01 01.06.2026
225
Dövlətlərin beynəlxalq sistemdəki mövqeyi yalnız ərazi ölçüsü, təbii resurs potensialı və iqtisadi göstəricilərlə müəyyən edilmir. Bu mövqe, eyni zamanda, mövcud resursların strateji iradəyə, iqtisadi qüdrətə, diplomatik nüfuza və geosiyasi təsir imkanlarına çevrilməsi bacarığından asılıdır. Bu kontekstdə Azərbaycanın enerji siyasəti müstəqillik dövrünün ən mühüm dövlətçilik nailiyyətlərindən biri kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın artıq qlobal enerji bazarlarında yalnız iştirakçı statusu ilə məhdudlaşmadığını nümayiş etdirir. Hazırda ölkə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji keçidi və beynəlxalq tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayan strateji aktor kimi çıxış edir.

Xəzər Neft və Qaz Sərgisinin müasir Azərbaycanın enerji inkişafının təməlini qoyması barədə dövlətimizin başçısının fikri tarixi ardıcıllığın dərin siyasi mənasını ifadə edir. Bu sərgi müstəqilliyin ilk illərində Azərbaycanın beynəlxalq enerji xəritəsinə daxil olmasının rəmzi idi. Zaman keçdikcə həmin platforma daha geniş məzmun qazanaraq Bakı Enerji Həftəsinə çevrildi və Azərbaycanı enerji dialoqunun iştirakçısından onun gündəmini müəyyənləşdirən əsas mərkəzlərdən birinə yüksəltdi. Bu, təsadüfi prosesin nəticəsi sayıla bilməz. Burada Ulu Öndər Heydər Əliyevin banisi olduğu enerji strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən yeni geoiqtisadi reallıqlara uyğun şəkildə davam etdirilməsi mühüm rol oynayır.

Dövlət başçısının iqtisadi göstəricilərlə bağlı vurğuladığı məqamlar Azərbaycanın enerji siyasətinin real makroiqtisadi nəticələrini aydın nümayiş etdirir. Beynəlxalq reytinq agentlikləri tərəfindən ölkəmizin mövqelərinin yüksəlməsi, investisiya səviyyəli reytinqin əldə olunması, yoxsulluğun və işsizliyin aşağı səviyyədə saxlanılması, xarici borcun əhəmiyyətli dərəcədə azaldılması dövlət idarəçiliyində maliyyə intizamının, strateji planlaşdırmanın və resurslardan səmərəli istifadənin nəticəsidir. Azərbaycanın enerji gəlirlərini yalnız cari tələbatlara deyil, uzunmüddətli inkişaf məqsədlərinə yönəltməsi milli iqtisadi modelin davamlılığını gücləndirmişdir.

Bu gün Azərbaycanın enerji siyasətində diqqətçəkən əsas istiqamətlərdən biri ölkənin sərmayə qəbul edən dövlətdən sərmayə ixrac edən gücə çevrilməsidir. Cənab Prezident İlham Əliyevin SOCAR-ın Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiyalar yatırması barədə fikri Azərbaycanın iqtisadi diplomatiyasının yeni mərhələsini səciyyələndirir. Otuz il əvvəl beynəlxalq kapitalı ölkəyə cəlb edən Azərbaycan bu gün öz şirkətləri, maliyyə imkanları və siyasi etibarı ilə xarici bazarlarda fəal iştirak edir. Bu transformasiya dövlətin iqtisadi suverenliyinin yalnız daxili sabitliklə ölçülmədiyini, həm də beynəlxalq iqtisadi məkanda təsir imkanları ilə tamamlandığını göstərir.

Enerji təhlükəsizliyi məsələsi Azərbaycanın xarici siyasətində ayrıca strateji xətt təşkil edir. Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı, təchizat marşrutlarının siyasi risklərlə üzləşdiyi bir dövrdə Azərbaycan etibarlı tərəfdaş obrazını möhkəmləndirmişdir. Dövlət başçısının "qlo­bal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq” fikri ölkəmizin qarşıdakı mərhələdə həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji sahəsində daha fəal mövqe tutacağını göstərir. Bu xətt Azərbaycanın xarici siyasətində balanslı, praqmatik və nəticəyönümlü diplomatiyanın əsas nümunələrindən biridir.
Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik xətti və digər regional layihələr Azərbaycanın enerji siyasətinə yeni məzmun verir. Bu layihələr ölkəmizi yalnız neft və qaz ixracatçısı kimi tanıtmır, həm də elektrik enerjisi, yaşıl enerji və transregional bağlantılar sahəsində mühüm aktora çevirir. Azərbaycan bu yolla Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz və Avropa arasında enerji körpüsü funksiyasını gücləndirir. Beləliklə, enerji diplomatiyası ölkəmizin geosiyasi çəkisini artıran, tərəfdaş dövlətlərlə qarşılıqlı asılılığı dərinləşdirən və regional sabitliyə xidmət edən strateji vasitəyə çevrilir.

Cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri enerji, nəqliyyat və geosiyasət arasında üzvi bağlılığı bir daha ortaya qoyur. Dəmir yolu və avtomobil infrastrukturlarına yatırılan investisiyalar Azərbaycanın yalnız enerji ixracı ilə kifayətlənmədiyini, həm də Avrasiya məkanında nəqliyyat-kommunikasiya qovşağı kimi möhkəmləndiyini göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu kimi Zəngəzur dəhlizinin inşası regionda iqtisadi əlaqələri canlandıracaq, ticarət marşrutlarını şaxələndirəcək və Azərbaycanın strateji mövqeyini daha da gücləndirəcəkdir.

Bütün bu proseslərin mərkəzində cənab Prezident İlham Əliyevin ardıcıl dövlətçilik iradəsi dayanır. Onun rəhbərliyi ilə Azərbaycan enerji resurslarını milli gücə, milli gücü beynəlxalq nüfuza, beynəlxalq nüfuzu isə davamlı siyasi təsir imkanlarına çevirə bilmişdir. Bakı Enerji Həftəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan artıq regional layihələrin iştirakçısı olmaqla kifayətlənmir, yeni enerji və nəqliyyat arxitekturasının qurucularından biri kimi çıxış edir.
Azərbaycanın enerji strategiyası müasir dövlətçilik tariximizin ən uğurlu inkişaf modellərindən biridir. Bu strategiya iqtisadi dayanıqlığı gücləndirir, xarici siyasət imkanlarını genişləndirir, ölkənin geosiyasi çəkisini artırır və milli maraqların beynəlxalq müstəvidə daha effektiv müdafiəsinə şərait yaradır.Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs Azərbaycanın inkişaf istiqamətlərinin ənənəvi enerji ixracatçısı modelindən kənara çıxaraq enerji təhlükəsizliyi, yaşıl transformasiya, nəqliyyat-kommunikasiya əlaqələri və regional sabitlik sahələrini də əhatə etməsini nəzərdə tutur. Bu yanaşma ölkənin iqtisadi potensialının xarici siyasət və beynəlxalq əməkdaşlıq imkanları ilə əlaqələndirilməsinə, coğrafi mövqeyinin strateji amil kimi qiymətləndirilməsinə və enerji resurslarının beynəlxalq tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm vasitə kimi istifadəsinə əsaslanan dövlət siyasəti çərçivəsini əks etdirir.

Milli Məclisin deputatı Rövşən Muradov
OXŞAR XƏBƏRLƏR