Bakı məktəbində qətl: keçmiş arvadını sosial şəbəkələrə girdiyinə görə öldürdü

Bakı məktəbində qətl: keçmiş arvadını sosial şəbəkələrə girdiyinə görə öldürdü
Bütün Xəbərlər
16:11 24.01.2013
2571

"Gündəlik Teleqraf" qəzetinin yazdığına görə, məhkəmə yolu ilə müəyyən edilib ki, Fəal İsmayılov şəxsi qərəzlilik zəminində qisas almaq məqsədilə keçmiş arvadı Rəhimə İsmayılovanı qəsdən öldürüb. 2005-ci ilin avqust ayında nikahlarını rəsmiləşdirməklə evləndiyi Rəhimə İsmayılova ilə 2011-ci ilin iyun ayına qədər olan müddətdə normal ailə həyatı sürüb. Lakin sonradan aralarında qısqanclıq zəminində mübahisələr baş verib. Növbəti mübahisə zamanı yaşadıqları mənzildə Rəhimə İsmayılovanı döydüyünə görə sonuncunun şikayətinə əsasən, barəsində Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət işi açılıb. Toplanmış materiallar baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilib. Lakin Fəal İsmayılov ölkə ərazisini tərk edərək Rusiyaya getdiyindən və məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan olunub. 2012-ci il yanvar ayının 7-də qızı Dilşadın doğum günü münasibətilə Bakı şəhərinə qayıdıb və bu müddət ərzində arvadının ondan rəsmi qaydada boşanmasına baxmayaraq sonuncu ilə barışıq əldə etməyə çalışıb. Yanvarın 12-də saat 16 radələrində Rəhimə İsmayılova ilə söhbət edərək barışıq əldə etmək üçün onun müəllim kimi işlədiyi Nizami rayonu 272 saylı orta məktəbdə fəaliyyət göstərən Zəngilan rayonu Mincivan qəsəbə musiqi məktəbinə gəlib. Rəhimə İsmayılovanın işdə olmasını öyrənib, məktəbin həyətində dayanaraq onun işdən çıxmasını gözləyib. Rəhimə işdən çıxıb məktəbin həyətindən bir qədər uzaqlaşdıqda, ona yaxınlaşaraq söhbət etmək istədiyini bildirib. Lakin Rəhimə onunla söhbət etmək istəmədiyini deyib.  Aralarında baş vermiş mübahisə zamanı Rəhimə İsmayılovanı qəsdən öldürmək məqsədilə bıçaqla onun bədən nahiyələrinə zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Fəal İsmayılov ifadələrində keçmiş arvadını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O, deyib ki, həyat yoldaşı sosial şəbəkələrdən birində başqa-başqa kişilərlə danışıb. Bundan əlavə, o, qeyd edib ki, hadisə baş verən gün barışmağa gəlsə də, Rəhimə ona “başqa adamım var, məndən əl çək" deyib. Arvadının bu sözlərindən əsəbiləşdiyini deyən Fəal İsmayılov bıçağa əl atmalı olduğunu deyib.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəal İsmayılov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razılaşmayan Fəal İsmayılov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.  Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Fəal İsmayılovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasından 3 ay çıxıb və barəsində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

OXŞAR XƏBƏRLƏR