Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik olacaq.
Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 17-də Bakı Metropoliteni qatarların hərəkətinin qış qrafikinə keçəcək. Yeni hərəkət qrafikinə keçid sentyabrın 15-də Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədardır.
Hazırda metroda qatarlar arasında interval 2,5 dəqiqədir. Qış qrafikinə keçidlə əlaqədar inverval azalacaq və bununla da hərəkət edən qatarların sayı artacaq.
Bundan başqa tədris ilinin başlanması ilə əlaqədar “28 May” stansiyasında eskalatorun dəyişdirilməsi başa çatacaq və sərnişinlər stansiyanın bağlı olan əsas çıxışından istifadə edə biləcəklər. "28 May" stansiyasında eskalatorun dəyişdirilməsi nəticəsində hərəkət zolaqlarının sayı üçdən dördədək artırılacaq.
Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyası var.