Bakı metropolitenində ticarət köşklərinin sökülməsi ölkə iqtisadiyyatına necə təsir edəcək? – Ekspert rəyi

Bakı metropolitenində ticarət köşklərinin sökülməsi ölkə iqtisadiyyatına necə təsir edəcək? –  Ekspert rəyi
Bütün Xəbərlər
13:55 12.03.2014
1123

“Onların bizneslərinin əllərindən alınması Azərbaycanda sahibkarlıq mühitini təhlükə altına salacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasına iqtisadçı ekspert Samir Əliyev söyləyib. Ekspert Bakı Metropolitenində ticarət obyeklərinin söküntüsünün ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini və bununla da kiçik sahibkarlıq mühitinin məhvinin başlanıldığını söyləyib:

“Azərbaycanda çox qəribədir ki, kiçik sahibkarlığın inkişaf etdirilməsi əvəzinə, iri sahibkarlığa daha çox önəm verilir. Əslində xarici dövlətlər hər zaman kiçik sahibkarlığın inkişafına çalışır və bu istiqamətdə işlər görüllər. Çünki bu yeni sahibkarlıq subyektlərinin yaranmasına və monopoliyanın, inhisarçılığın qarşısının alınmasına səbəb olur. Bu gün metropolitendə olan ticarət köşklərində 3 minə yaxın xırda sahibkar fəaliyyət göstərir. Onların böyük əksəriyyəti isə, öz bizneslərinin inkişafı və ya digər səbəblərdən banklardan kreditlər götürüblər. Hazırda onların bizneslərinin əllərindən alınması Azərbaycanda sahibkarlıq mühitini təhlükə altına salacaq. Bu da istər yerli, istərsə də xarici investitorlarda bu ölkədəki sahibkarlıq mühitinin təhlükəli vəziyyətdə olması ilə bağlı rəylər formalaşacaq”.

S.Əliyevin sözlərinə görə, metropolitendəki ticarət obyektlərinin bağlanması ölkədəki işsizliyin səviyyəsini daha da artıracaq:

“Eyni zamanda unutmaq olmaz ki, bu ölkə iqtisadiyyatı üçün də çox pis nəticələr verəcək. İşsizliyin kifayət qədər yüksək olduğu bir vaxtda yeni işsizlərin meydana çıxması ölkə iqtisadiyyatına ancaq mənfi təsir edəcək. Eyni zamanda bu şəxslərin ailələrinin durumu da mövcud vəziyyətdən asılı olaraq pisləşəcək. Mən bir faktı da diqqətinizə çatdırmaq istərdim. Yadınızdadırsa metropolitendə bir müddət təmir işləri aparıldı və yeni köşklərin qoyulmasına başlanıldı. Əgər bu köşklərin də pulları həmin sahibkarlardan alınıbsa bu artıq onların nəyinki sahibkarlıq hüquqlarının pozulmasına eyni zamanda vətəndaş hüquqlarının da kobud şəkildə pozulmasına səbəb olur. Bununla bərabər unutmaq olmaz ki, metropoliten nəqliyyat növü kimi vətəndaşların ən çox üstünlük verdiyi xidmətdir. Və burada sərnişinlərin rahat hərəkəti və dolayısı ilə mənzil başına müxtəlif maneələr olmadan çatması üçün bu köşklərin yığışdırılması vacib idi”.

Xatırladaq ki, metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib.İlkin olaraq kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək. Martın 27-dək isə sahibkarlardan icarə haqqı alınmayacaq.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR