AZXEBER.COM xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov və metropolitün əməkdaşları bu məqsədlə metronun "28 may" stansiyasında sərnişinlərlə görüşüb, yeni layihə barədə onlara məlumat veriblər.
"Bir xəttdə baş verən nasazlıq və ya digər neqativ hadisələrin digər xəttə təsiri tamamilə aradan qalxacaq. Yəni "qırmızı" xətdə hər hansı hadisə baş verərsə, "yaşıl" və "bənövşəyi" xətlər funksional fəaliyyətini davam etdirəcək.
Qarşıdakı dövrdə həmçinin Bakı Metropoliteninin daha səmərəli fəaliyyətinin təmin edilməsi, "28 May"dan "Həzi Aslanov"a qədər sərnişin axınlarının qarışmasının qarşısının alınması da təmin olunacaq.
Bu o deməkdir ki, "Həzi Aslanov"dan "28 May" stansiyasına qədər bu gün sərnişinlər bir xətt üzrə hərəkət etmək üçün digər qatarı buraxaraq növbəti qatara minirlərsə və eyni zamanda bu, minən və düşən sərnişinlərə müəyyən maneələr yaradırsa, artıq qarşıdakı dövrdə proqram icra olunduqdan sonra xətt üzrə qarşınıza çıxan ilk qatarla mənzil başına rahat hərəkət edə biləcəksiniz.
Bir sözlə, bu layihənin Bakı Metropoliteni üçün əhəmiyyəti ondan ibarətdir ki, daha çox sərnişin daşımaq, daha təhlükəsiz hərəkəti təmin etmək və daha səmərəli fəaliyyət göstərmək mümkün olacaq.
Şəhər üçün isə onun funksional əhəmiyyəti ondan ibarətdir ki, ictimai nəqliyyatın hərəkəti maksimum dərəcədə rahatlaşdırılacaq. Fider zonaları üzrə həm avtobus, həm də taksi marşrutlarının fəaliyyəti daha səmərəli təşkil olunacaq".











































