Bakı metrosunda sürüşmək istəyənlər üçün...

Bakı metrosunda sürüşmək istəyənlər üçün...
Bütün Xəbərlər
12:35 26.11.2013
4155

Əfsələddin Ağalarov

Hər insana tarixdə qalmaq qismət olmur. Gərək baş üstündə baş, daş üstündə daş, şirin köksündə ürək qoymayasan. Əgər ömrünün laçın vaxtlarında adına əfsanələr, rəvayətlər, “anekdotlar” qurulursa, bil ki, artıq sən varsan. Tarix isə var olanların yanağından öpür. Bu öpüş elə bir öpüşdür ki, dünyanın ən gözəl əndamına sahib olan qadının öpüşü belə bununla müqayisədə sönük qalar.

Allahın qisməti elə gətirdi ki, dövran döndü, zaman keçdi və yenə Azərbaycan jurnalistləri bu ölkədə ən böyük rəqibi olan Tağı Əhmədovla üz-üzə gəldi.

Artıq 7-dən 70-nə kimi hər kəsin ağzında saqqız olan “ə bir-bir”, “burcutma”, “sən ordan vızıldıyırsan, bu burdan” və buna bənzər jarqonlarla dolu videolara baxmayan tək-tük insan qalıb.

Hər dəfəsində öz jarqonları və qeyri-etik davranışları ilə qarşısındakı jurnalistləri aşağılamağa çalışan Tağı müəllim yenə öz ənənəsinə sadiq qaldı. Yenə öz ampluasında olan meptropoliten şefinin jurnalistin “28 May” metro stansiyasında olan sürüşkən mərmərlərlə bağlı sualına qeyri-etik cavab verməsi və ANS-in xanım jurnalistinin metrodakı gediş haqlarının qiyməti ilə bağlı sualına onu itələməklə reaksiya verməsi, yəqin ki, artıq heç kəsi təəccübləndirmir. Metronu öz mülkü kimi bütün mətbuatın gözü önündə təqdim edən bir adamın edəcəyi heç bir hərəkət bundan sonra heç kəsdə təəccüb hissini oyatmağa yetməz.

Məncə Tağı müəllim özü də spesifik jarqonları, qulaqda kobud səslənən əndrabadi danışıq tərzi və “hər şeyi mən bilirəm” mimikası ilə insanlarda daha çox gülüş hissi doğurduğunun fərqindədir. Bəlkə də, ona yeni “yaradıcılıq” imkanları yaradan da məhz elə budur.

Deyəsən, metropoliten şefi qəzetləri yığışdırmaqla özünü də bir xeyli informasiya təminatından məhrum edib.

Əgər belə olmasaydı, o prezident İlham Əliyevin bir neçə gün bundan öncə ölkənin ən aparıcı mətbuat orqanlarının nümayəndələri ilə görüşündən bixəbər olmazdı. Əgər belə olmasaydı, o prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görüldüyünü oxuyar və prezidentin jurnalistləri öz dostu adlandırdığını görərdi. Əgər belə olmasaydı, Tağı müəllim prezidentin jurnalistlərlə olan səmimi şəkillərini görər və onun mətbuatın qarşısında duran problemlərin həlli ilə bağlı söylədiyi səmimi müraciətini oxuyardı.

Görünür, yerin altında qəzetsiz qalmaq təkcə cəmiyyətə deyil, hətta bu cəmiyyətin bir fərdi olan Tağı Əhmədova da öz təsirini göstərib və onun məlumatsızlığını getdikcə dərinləşdirib. Görünür, cəmiyyətin bir fərdi olan və məmur kimi ilk növbədə cəmiyyətdəki fərdlərə örnək olmaq missiyasını yerinə yetirməli olan Tağı müəllim hələ də bu prinsipləri qəbul etmir və ya qəbul etməkdən imtina edir.

Nə yazıq ki, yazılan yazılar, verilən sujetlər, deyilən sözlər insanın qəlbindəki güclü küləyin vıyıltısı kimi bir göz qırpımında gəlir və öz yoluna davam edir. Sonrasında isə sürüşən sürüşür və yumşaq yerini milyonluq dəyəri olan mərmərin üstündə göyərdir. Əvvəli belə, sonrası belə. Bəs nəticəsi?

Nəticəsi isə, nə Tağı müəllim düzəlir, nə yumşaq yerimizi göyərdən sürüşkən mərmərlər, nə də ki jurnalistlərin sındırlan və təhqir edilən qəlbi.

OXŞAR XƏBƏRLƏR