Bakı şəhər Baş Polis İdarəsi İctimai Palatanın aprelin 22-də keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. İdarədən APA-ya verilən məlumatda bildirilir ki, aprelin 22-də özünü «İctimai Palata» adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, ADP, VHP, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.