Bakı qardan üzüağ çıxa bilmədi: "Bu BŞİH və AAYDA-nın məsuliyyətsizliyinin nəticəsidir"

SOSİAL
14:00 25.02.2025
619
Artıq bir neçə gündür ki, paytaxta və bölgələrə qar yağır. Bu nəqliyyatda da müəyyən çətinliklərin yaranmasına səbəb olub. Sosial şəbəkələrdə yayılan videolara əsasən demək olar ki, qar nəticəsində ictimai nəqliyyatının fəaliyyətində problemlər yaranıb. Yayılan görüntülərdə sərnişin sayının çox olması səbəbindən elektriklə idarə olunan ictimai nəqliyyatların da yolda dayandığı və hərəkət etmədiyi görüntülənib.  
 
Bəs görəsən, Bakı nəqliyyatı qarlı hava sınağından necə çıxdı? Elektrikli ictimai nəqliyyat ölkəmizə gətirilərkən şaxtalı hava şəraiti nəzərə alınmayıbmı? Vətəndaşlar şaxtalı havada niyə yarı yolda qalıblar? 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bütün bu problemləri nəqliyyat sisteminin düzgün idarə edilməməsində və yollarda görüb.

Ekspert ictimai nəqliyyat vaxtından tez xətdən çıxmaqla çox pis bir nümunə göstərdiyini bildirib: 
 
"Ümumilikdə, Bakıya yağan qar çox biabırçı vəziyyəti ortaya çıxardı. Bu onu göstərdi ki, aidiyyati qurumlar yenə hadisələrə hazır deyillər. Yenə yalan vədlər verirlər. Nəticədə dünən ictimai nəqliyyat vaxtından tez xətdən çıxmaqla çox pis bir nümunə göstərdi. Xüsusilə "BakuBus” avtobusları vaxtından əvvəl depoya göndərildi. Əslində, bu hərəkətinə görə "BakuBus”ı qınamıram. Çünki o avtobuslar hamısı  yeni alınmış bahalı avtobuslardır. Həmin avtobusları teleyin ümidinə buraxmaq əlbəttə ki, olmaz. Problem odur ki, aidiyyati qurumlar işlərini səmərəli şəkildə görmədilər.  
 

 
Ekspert bütün baş verənlərin günahını Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsuliyyətsizliyinin nəticəsi olduğunu bildirib: 

"Əslində, problem yaranmalı deyildi, qurumlar vaxtında işə keçib yolları təmizləməli idilər. 300-500 minlik avtobuslar talehin ümidinə qalmalı deyildi. Necə ki, təcili yardım maşınları yolda qaldılar, sürücülər qəza törədib yolda qaldılar. Deyə bilərik ki, bunlar Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsuliyyətsizliyinin nəticəsidir. 2 ildir ki, Bakıya normal qar yağmırdı. 2 il ərzində nəyinsə dəyişdiyini düşünürdüm. Amma dünən gördüm ki, dəyişməyib, vəziyyət yenə eynidir. Sadəcə qurumlar arxayınlaşıblar ki, Bakıya onsuz da qar yağmır. İş görməyə də ehtiyac yoxdur. Təbiət isə bizimlə məsləhətləşmir. Vətəndaşlar bunun əziyyətini çəkirlər. Bu gün, sabah vətəndaşlar gəlib onların yaxasından yapışacaq ki, mənə dəymiş zərəri ödə. Bəs onda necə olacaq? 
 


Nəqliyyat eksperti Yasin Mustafayev AZXEBER.COM-a açıqlamasında qarlı havalarda elektrikli avtomobillərin daha əlverişli olduğunu, düzgün idarə edildiyi təqdirdə heç bir problemin baş vermədiyini vurğulayıb:

"Elektrikli avtobuslar və maşınlarla bağlı miflər yayılır ki, bunlar yanır, partlayır və ya gedə bilmir. Əslində fikir versəniz, görərsiniz ki, bu qarlı, şaxtalı havalarda elektrikli avtomobilləri daha çox görürük. Çünki onlar daha müasirdirlər və onların qarlı, çovğunlu hava üçün sürüş modları var. Həmin modda onlar daha yaxşı hərəkət edirlər”.

Ekspert deyib ki, özü də elektrikli avtomobildən istifadə edir:

"Öz avtomobilim də onlardandır. Qarlı havada heç bir çətinlik çəkmədən və heç bir sürüşmə olmadan mən avtomobilimi idarə etdim. Düşünmürəm ki, elektrikli avtobuslar və ya avtomobillər bu barədə çətinliyə düşsünlər. Burada əsas olan şinlərdir. Qış şinləri olmasa sürüşkənlik yaradır. Qış olan kimi avtomobillərin təkərləri qış təkərləri ilə əvəz olunmalıdır”.

Ekspert həmçinin qeyd edib ki, elektrikli avtobusların yolda qalmasına başqa amillər də səbəb ola bilər:

"Açığı, qarlı havada neçə avtobusun gedə bilməyib, yolda qalması ilə bağlı statistika da yoxdur. Ola bilər ki, bu hadisə baş verən zaman kimsə bunu lentə alıb sosial şəbəkədə paylaşsın. Bu halda bunun səbəbi araşdırılmalıdır. Ona təsir edən faktor müəyyən olunmalıdır. Bəlkə avtobusun dayanmasına qarlı hava yox, enerjinin kifayət qədər yığılmaması səbəb olub? Və ya idarə edən sürücü ola bilər ki, avtobusun o funksiyalarından bixəbər olsun”.

 


AZXEBER.COM elektrik avtobusların qarlı havadakı fəaliyyəti ilə bağlı "BakuBus”la əlaqə saxlayıb.
 
"BakuBus”un mətbuat xidmətinin rəhbəri Əsmər Əliyevanın sözlərinə görə, qarlı hava şəraitində heç bir elektrikli avtobusda nasazlıq yaranmayıb, baş verən çətinliklər isə əsasən yol infrastrukturunun vəziyyəti ilə bağlı olub: 

"Bildiyiniz kimi, elektrik avtobuslarının ictimai nəqliyyatda tətbiqindən əvvəl "BYD” şirkətinin bir elektrik avtobusu 2023-cü ilin aprel ayında ölkəmizə idxal edilmiş və həmin avtobus "BakuBus” MMC-nin müxtəlif marşrut xətlərində testdən keçirilmişdir. Bu müddət ərzində onların şəhərimizin relyefinə və hava şəraitinə uyğunluğu yoxlanılmışdır. 

Elektrik avtobusları sərt qarlı hava şəraitində ilk sınağından uğurla çıxmış və deyə bilərik ki, onların fəaliyyətində heç bir nasazlıq qeydə alınmamışdır. 

Ümumiyyətlə, sərt hava şəraitində avtobusların hərəkətində yaranan çətinliklər elektrik avtobuslarının texniki xüsusiyyətləri ilə əlaqəli deyil. Belə hallar istənilən nəqliyyat vasitəsinin hərəkətində müşahidə oluna bilər. Avtobusların hərəkətində yaranan çətinliklər əsasən yol infrastrukturunun vəziyyəti və yolların buz bağlaması ilə bağlıdır”. 

Oksana Orucova
OXŞAR XƏBƏRLƏR