Qəzada ölənlərdən üçü bir ailənin üzvü olan ata və onun iki qızıdır
Daxili İşlər Nazirliyi bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb. AZXEER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, yanvarın 26-da saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Nadir Şükürovun idarə etdiyi “Mercedes”, Şamaxı rayon sakini Bahadur İbadovun idarə etdiyi “VAZ-21011” və Şəki rayon sakini Murad Abdulhəmidovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.N.Şükürovun sərnişinlərindən - Bakı şəhər sakini Gülbəniz Dibirova, habelə B.İbadov və onun sərnişinləri, qızları Ceyran və Zəhra hadisə yerində ölüb. N.Şükürov və digər sərnişinləri - Bakı şəhər sakinləri Purim Şamayılova, Fəridə Əliyeva, habelə B.İbadovun digər sərnişinləri - arvadı Arifə İbadova, Şamaxı rayon sakini Vidadi Novruzov, eləcə də M.Abdulhəmidov və sərnişini - Ağdaş rayon sakini Elşən Rüstəmov xəstəxanaya yerləşdiriliblər.