Bu gün səhər saatlarında havanın şaxtalı olması ilə əlaqədar paytaxt yollarında da buzlaşma müşahidə olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədovun verdiyi məlumata görə, əsasən Babək prospekti Suraxanı enişi adlanan ərazidə, Günəşli istiqamətində, İnşaatçılar prospektinin kəsişməsi, Qurd qapısı dairəsi, Mikayıl Müşviq küçəsi, Nərimanov prospektində yollar buzlu olub. Qeyd edilən ərazilər üzrə avtomobillərin sürüşməsi nəticəsində maddi zərərlə nəticələnən 4 yol nəqliyyat hadisəsi baş verib. Xəsarət alanlar olmayıb. Hazırda günün çıxması ilə əlaqədar bütün küçələrdə buz əriyib və yollar açıqdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 14-də hava şəraitinin qısa müddətə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.