Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi paytaxtda sərnişin avtobusunun törətdiyi dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan sürücünün məsuliyyətə cəlb olunması təmin olunub.Belə ki, noyabrın 1-də saat 17 radələrində Babək prospektində 1985-ci il təvəllüdlü Süleyman Vahid oğlu Cəfərovun idarə etdiyi 50 saylı marşrut xətti üzrə işləyən “Daewoo” markalı, 90-HA-841 dövlət qeydiyyat nişanlı avtobusla kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - 1982-ci il təvəllüdlü Rzayev Sahib Kamil oğlu və 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlunu vurub.Hər iki şəxsin aldığı xəsarətlərdən ölüblər.Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Cinayətin törədilməsində şübhəli bilinən S.Cəfərov tutularaq istintaqa cəlb olunub.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.