Ərazidə böyük tıxac yaranıb.
Qaqarin körpüsü kimi tanınan yol ötürücüsünün üstündə ağır yol qəzası baş verib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu gün saat 9:45 radələrində Bakı şəhərinin mərkəzində - Qaqarin körpüsünün (Cavanşir körpüsü) üstündə ağır yol qəzası baş verib.
Məlumata görə, Yusif Səfərov küçəsindən Üzeyir Hacıbəyov küçəsinə doğru hərəkət edən və mişar daşı ilə dolu olan “Shacman” körpüyə qalxarkən aşıb. Nəticədə yükün bir hissəsi körpünün üstünə dağılıb. İritonnajlı yük avtomobilini ərazidən uzaqlaşdırmaq üçün bir neçə qaldırıcı kran hadisə yerinə cəlb edilib.
Yük maşınının qaldırılmasına və ərazinin təmizlənməsinə 1 saata yaxın vaxt sərf olunub.
Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hadisə nəqliyyatın hərəkətinin intensiv olduğu vaxtda baş verdiyindən ərazidə böyük tıxac yaranıb.



