Xəbər verdiyimiz kimi, Bakıda sərnişin avtobusunun sürücüsünün xəttə içkili halda çıxdığı iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İzləyici şikayətində qeyd edib ki, sözügedən hadisə 77 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində baş verib.
Şikayətdə bildirilib:
"Avtobusu kafelərdən birinin yanında saxlamışdılar, sürücüsü yox idi. 45 dəqiqədən sonra sürücü ilə dispetçer gəldi. Dispetçer o qədər içmişdi ki, ayaq üstdə dayana bilmirdi. Sürücünün isə ayıq-olub olmamasından xəbərim yox idi. Sərnişinlər etirazını bildirəndə dispetçer onlarla dava etməyə başladı. Hətta dispetçer etiraz edənlərin birinin dayanacaqda düşməyini gözləyib, onunla bir yerdə düşdü. İstədi ki sərnişinlə əlbəyaxa dava etsin, imkan vermədilər. Bu zaman sürücü də avtobusdan düşüb, həmin o etiraz edən sərnişinlə mübahisə etməyə başlayıb".
Məsələylə bağlı "Xalid Faiqoğlu" sərnişin daşıma şirkətinin mətbuat katibi Nizam Rzayevlə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bildirib ki, həmin marşrut xətti üzrə qrafikdə gecikmə müşahidə olunub:
"Hadisə tərəfimizdən araşdırılıb və məlum olub ki, həmin vaxt 77 saylı xətt üzrə avtobusların qrafikində gecikmə müşahidə edilib. Bu zaman dayanacağa avtobus yaxınlaşarkən sərxoş halda olan sərnişinlərdən biri dispetçeri təhqir edərək nəqliyyat vasitəsinə daxil olub. Dispetçer də onu söyən şəxsi avtobusdan endirməyə çalışıb. Sürücünün isə baş vermis insidentə hər hansı aidiyyatı olmayıb”.
Həmin videonu təqdim edirik:
Mikayıl Mirzəzadə