Bakıda Azərbaycanın əməkdar jurnalistinin 100 illik yubileyi qeyd olundu
MEDİA
14:08 09.12.2011
1872
Bakıda Azərbaycanın məşhur ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Müasir Azərbaycan jurnalistikasının yaranmasında xüsusi yer tutan N.İmanquliyev mətbuatımızın inkişafına qiymətsiz töhfələr verib”, - deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxışı zamanı bildirib. “O, cəmiyyətin ən müxtəlif sahələrini əks etdirən ciddi məqalələri ilə Azərbaycan mətbuatının tarixinə layiqli töhfə verib”, - deyə o əlavə edib. Mətbuat Şurası sədrinin sözlərinə görə, “N.İmanquliyevin jurnalistika sahəsində dolğun pedaqoji fəaliyyəti azərbaycanlı jiurnalistlərin böyük nəslinin formalaşmasında vacib rol oynayıb”. Prezident Aparatı İctimai-siyası şöbəsinin sektor müdiri Vüqar Əliyev öz növbəsində N.İmanquliyevin milli jurnalistikanın inkişafında qiymətsiz töhfəsini qeyd edib. N.İmanquliyev 1911-ci ildə dünyaya gəlib. “Gənc işçi”, “Kommunist”, “Yeni yol” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. N.İmanquliyev Böyük Vətən müharibəsi illərində “Döyüşən Krım” cəbhə qəzetinin əməkdaşı kimi xidmət keçib.