“Qəbir yerlərinin satılması haramdır. Qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri satmaq olmaz”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu günlərdə jurnalistlərə açıqlamasında belə demişdi.
QMİ sədri pul verib qəbir yeri almağın rüşvət sayıldığını qeyd etmişdi. Şeyxin sözlərindən belə agah olur ki, Azərbaycanda rüşvətxorluğun sonuncu instansiyası elə son mənzildir. Yəni bizdə ölmək də pulladır. Xüsusilə Bakıda ölü sahibi mərhumla bərabər ölüb-dirildilir. Çünki paytaxt məzarlıqlarında qəbir yerlərinin qiyməti fantastik məbləğə çatıb. O qiymətə avtomobil almaq, toy təşkil etmək olar. Qəbiristanlıqlarda yerlərin qiyməti ilə bağlı apardığımız araşdırmalar bunu deməyə əsas verir.
Ən ucuz qəbir yeri 150, ən baha 7000 manatdır
Azərbaycanda bələdiyyələrin funksiyasının torpaq satmaqdan ibarət olduğu heç kimə gizli deyil. Ancaq indi həm qəbir yeri almaq çətinləşib, həm də qiymətlər qalxıb. Nəticədə insanlar şəhərin kənarında yerləşən məzarlıqlara üz tuturlar.
Bakıda 200 manatdan 7000 manata qədər qəbir torpağı satılır. Məsələn, Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 350-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Günəşli qəbiristanlığında bu məbləğ 500-1500 manat, Badamdar qəbiristanlığında 800-2000 manat, Qaraçuxur qəbiristanlığında 200 - 1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarındadır.
Paytaxtda ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.
Maraqlı nüans odur ki, bir çox məzarlıqlarda “ailəvi məzarlıq” üçün hətta 1 sota qədər yer əldə edənlər var. Nəticədə torpaq sahəsi azalıb və bundan istifadə edənlər qiyməti artırıb.
İtən məzar daşlarının yeri satılır
Son vaxtlar Bakının əksər qəbiristanlıqlarında özlərinə diri ikən qəbir yeri götürənlərin də sayı artıb. “Qurd Qapısı” qəbiristanlığında insanların öncədən qəbir yerlərini satın alması, adının və doğum tarixinin yazılması, yalnız vəfat etdiyi tarixin olmaması və s. bu kimi hallara rast gəlmək olar.
Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda isə boş qalan torpaqlar baha qiymətə satılır. Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda torpağın 2 sotu 5000-7000 manat arasında dəyişir. Onu da deyək ki, Yasamal qəbiristanlığında demək olar boş yer qalmayıb. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq bir növ “özəlləşdiriblər”. Odur ki, məzarlıqda ailəvi qəbirlərə daha çox rast gəlinir.
Bu qəbiristanlıqda ən müxtəlif millətlərə məxsus insanların məzar daşları da var. Ancaq unudulmuş və baxımsız qalan bu ərazi indi satılmağa başlanıb. Belə ki, artıq itib getməkdə olan köhnə qəbirlərin ərazisi baha qiymətə satışa çıxarılıb. Burada elə yer var ki, 9-10 minə satılır. Vəfat etmiş yaxını üçün qəbir yeri almış insanlardan biri - Nüsrət adlı şəxs deyir ki, adam elə qiymət oxuyurlar, ölüsü yaddan çıxır: “Şeyx neçə dəfə bəyanat verib ki, buna son qoyulsun. Ancaq məhəl qoyan yoxdur. Görünür, bu biznesin arxasında iri ranqlı adamlar dayanıb. Yoxsa tezliklə bu məsələ yığışdırılardı. Çünki bu işdən yaxşı pul qazanırlar, nəzarət yoxdur”./// "Bizim yol"