Köçürülən sakinlərin yeni bina tikilənə kimi kirayə pullarını hökumət ödəyəcək
Bakının Suraxanı rayonu Zığ şossesi 21 B nömrəli bina yaranmış sürüşmə təhlükəsi səbəbindən söküləcək. ANS TV-nin məlumatına görə, artıq binada yaşayan 20 ailənin bir hissəsi köçürülüb. Köçürülmə barədə qərar baş nazirin müavini Abid Şərifovun əraziyə baxış keçirməsindən sonra ötən gün Nazirlər Kabinetində keçirilən iclasda qəbul olunub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, ərazidə kommunikasiya xətlərində su sızmaları, atmosfer çöküntülərinin intensivliyinin artması qeyri-bərabər çökməyə səbəb olub, bu proseslərin nəticəsində də binanın özül hissəsində deformasiyalar yaranıb. Ekoloqların rəyinə əsasən, ərazidə geoloji proseslərin inkişafı müşahidə olunduğu üçün ona qarşı tədbirlərin görülməsi qeyri-mümkündür. Çatlar binanın birinci girişindəki mənzillərdə xüsusilə də birinci və ikinci mərtəbələrdə daha aydın görünür. Köçürülən sakinlərin kirayə pullarını hökumət ödəyəcək. Köçürülmə prosesinin həyata keçirilməsi üçün sakinlər nəqliyyat və işçi qüvvəsi ilə təmin edilib. Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Burxudarovun ANS-ə verdiyi məlumata görə, köçürülən əhaliyə İcra Hakimiyyəti tərəfində də qalmaq üçün yerlər təklif olunur. “İstəmsələr özləri də yer tapa bilərlər. Amma tadıqları mənzillər yaşadıqları şəraitə uyğun olmalıdır. Bura yaxın olmalıdır ki, həm axtaranda tapmaq olsun, həm də qiyməti uyğun olsun”, deyə Barxudar Burxudarov bildirib. Binanın birinci girişində təhlükə daha böyük olduğundan oradakı mənzillərə qazın verilişi dayandırılıb. İkinci girişdə yaşayanlara isə bu günə qədər vaxt verilib. Sakinlər 2 gün ərzində köçürüləndən sonra yeni binanın inşası üçün tədbirlərə başlanılacaq. Şöbə müdiri, bina üçün yaxın ərazidə torpaq sahəsi ayrılacağını deyib. Yeni binada mənzillər sakinlərin hazırkı yaşayış sahələrinə uyğun olacaq. Qeyd edək ki, Zığ şossesi 21 B saylı binada çatlar 2009-cu ildə də olub. Həmin vaxt aparılan araşdırmalardan sonra qəzalı vəziyyətdə olması səbəbindən Nazirlər Kabinetinin 301 saylı sərəncamı ilə binada bərpa bərkitmə işlərinə başlanılıb. 8 ay davam edən bərpa bərkitmə işləri zamanı binada yaşayan 20 ailə kirayə evlərlə təmin olunmuşdu. Bu ilin fevral ayının 27-dən bina ətrafında yenidən yaranan qeyri-bərabər çökmə prosesləri binada çatlara və konstruksiyada dəyişikliklərə gətirib çıxarıb.