Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tofiq Fərəcov, Vüsal İbrahimov, Fuad Həsənov və Samir Ramazanov martın 28-də yaxalanıblar.Müəyyən edilib ki, onlar martın 14-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırıb. Həmin avtomobil elə həmin gün saat 11 radələrində B. Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb. Dəstə üzvlərin həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus “VAZ-2106” markalı avtomobili də qaçırıb və saat 08:30 radələrində İ. Məmmədov küçəsində qoyaraq gediblər. Onlar martın 26-na keçən gecə isə Yeni Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus "VAZ-2106" markalı avtomobil qaçırıb və həmin avtomobil saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.