Bakıda ər-arvad qonaq çağırdıqları ana-balanı yandırıb öldürdülər - TƏFƏRRÜAT

Bakıda ər-arvad qonaq çağırdıqları ana-balanı yandırıb öldürdülər - TƏFƏRRÜAT
Bütün Xəbərlər
23:26 16.02.2013
3916

Amansız qətllərə görə Nazim Acalov 15, onun həyat yoldaşı Raina Əhmədova 12 il həbs cəzası alıb.

AZXEBER.COM-un “Teleqraf.az”a istinadən verdiyi xəbərə görə, Bakı Apelyasiya Məhkəməsində iki nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Raina Əhmədovanın cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protestinə baxılıb.

İttihama görə, 2003-cü il aprelin 2-də Xətai rayonu ərazisində 31 yaşlı Gürcüstan vətəndaşı Ramin Askarov və onun anası 54 yaşlı Göyçək Askarova qətlə yetirilərək yandırılıb. Birgə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin Gürcüstanın Bolnisi rayonunda anadan olmuş 49 yaşlı Nazim Acalov və onun həyat yoldaşı 38 yaşlı Raina Əhmədova tərəfindən törədildiyi müəyyən edilib.

Bakıda oğurluq, qanunsuz odlu silah və narkotik maddə əldə edib gəzdirmə, saxlama cinayətləri törətməkdə təqsirli bilinərək 2005-ci il fevralın 21-də 10 il müddətinə azadlıqdan məhrum edilən N.Acalov 2003-cü ilin martında kirayədə yaşadığı Xətai rayonundakı mənzilində arvadı R.Əhmədova ilə cinayət əlaqəsinə girərək qohumu R.Askarovu onlara borclu olduğu pulu ödəməkdən imtina etdiyi üçün öldürmək qərarına gəlib.

Bundan sonra N.Acalov Gürcüstanın Rustavi şəhərinə gedərək satış üçün yeni malların olması adı ilə R.Askarovu aldadaraq Bakı şəhərinə dəvət edib. Aprelin 2-də onunla kirayədə yaşadıqları mənzildə birlikdə şam yeməyi ilə spirtli içki qəbul edib. Sonra ər-arvad R.Askarovun başına küt alətlə vuraraq onu iplə boğub öldürüblər. Cinayəti gizlətmək üçün N. Acalov arvadı ilə birlikdə meyiti binanın yaxınlığındakı zibillikdə yandırıblar. H.Acalov cinayətin onun tərəfindən törədilməsindən R.Askarovun anası Göyçək Askarovanın şübhələnəcəyini bilib, onu da öldürmək barədə arvadı ilə razılığa gəlib.

Bu məqsədlə 2003-cü il aprelin 2-də Rustavi şəhərinə zəng edərək G.Askarovanı aldadaraq Bakı şəhərinə, kirayədə yaşadıqları ünvana dəvət ediblər. Əvvəl törətdikləri cinayəti gizlətmək məqsədi ilə eyni üsulla aprelin 7-də yaşadıqları mənzildə G.Askarovanı da boğub öldürdükdən sonra cinayətin izini itirmək üçün meyiti binanın yaxınlığında yerləşən ərzaq mağazasının arxasında yandırıblar.

Aparılan istintaqla həmin cinayət hadisələrini N. Acalov və onun həyat yoldaşı R.Əhmədovanın törətdikləri tam sübuta yetirilib və ər Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6 və 120.2.10-cu maddələri ilə 15 il müddətinə azadlıqdam məhrum edilib. R.Əhmədova isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. O, 2009-cu il dekabrın 10-da Samsun şəhərində həbs edilib.

Qeyd edək ki, iki nəfəri xüsusi amansızlıqla qətlə yetirən Nazim Acalov bir müddət əvvəl məhkəmə qarşısında cavab versə də, hadisənin digər iştirakçısı olan Gürcüstan vətəndaşı Raina Əhmədova həmin vaxt güzlənməyə müvəffəq olmuşdu. Raina Əhmədova gizlənsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Türkiyədə tutularaq Azərbaycana gətirilib və məhkəmə məsuliyyətinə verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raina Əhmədova 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində qeyd edib ki, cinayət işi qrup halında törədilib və Raina Əhmədovaya verilmiş cəza həddindən artıq yüngüldür. Prokurorluğun protestinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Həmin məhkəmənin qərarından Baş Prokurorluq Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə Baş prokurorluğun protestinə müsbət cavab verib və işə yenidən baxılması üçün cinayət işinin materiallarını Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun protesti ləğv edilməsi ilə bağlı qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Raina Əhmədovanın barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR