Son illərdə Bakıda mənzil almaq istəyən şəxslər üçün ərazi seçimi əsas məsələlərdən birinə çevrilib.
Alıcılar mənzil seçərkən yalnız onun hazırkı qiymətini və yaşayış şəraitini deyil, həm də yerləşdiyi ərazinin gələcək inkişaf perspektivlərini nəzərə alırlar.
Xüsusilə yeni yolların, nəqliyyat infrastrukturlarının, yaşayış və ictimai obyektlərin yaradılması, həmçinin yenidənqurma və abadlıq layihələri müəyyən ərazilərin gələcəkdə daha cəlbedici olmasına təsir göstərə bilər.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, mənzil almaq istəyən şəxslər əsasən iki məqsədlə hərəkət edirlər:
"Mənzil almaq istəyən şəxslər əsasən iki məqsədlə hərəkət edirlər. Birincisi, təbii ki, yaşamaq, ikincisi isə investisiya məqsədidir. Yəni gələcəkdə mənzilin dəyərinin daha çox artması və ya onu daha yüksək qiymətə kirayə vermək imkanının olması nəzərdə tutulur. Bu baxımdan Bakı şəhərinin Baş Planı çərçivəsində həyata keçirilən söküntü, abadlıq və yenidənqurma işlərinin hansı ərazilərdə aparılmasına diqqət yetirmək məqsədəuyğundur. Nərimanov, Yasamal, Nəsimi, Xətai və Nizami rayonlarının metroya yaxın əraziləri bu istiqamətdə diqqət çəkir”.

Ekspert qeyd edib ki, bu ərazilərdə kiçik ölçülü mənzillər gələcək investisiya baxımından maraqlı ola bilər:
"Təbii ki, bu ərazilərdə kiçik ölçülü mənzillərin əldə edilməsi gələcək inkişaf, potensial yenidənqurma işləri və infrastrukturun müasir standartlara uyğunlaşdırılması baxımından daha əlverişli ola bilər. Dövlət investisiyalarının həmin ərazilərdə daha yüksək səviyyədə həyata keçirilməsi də bu baxımdan əhəmiyyətlidir”.
Vüqar Oruc bildirib ki, inkişaf etməkdə olan rayonların müəyyən hissələri də mənzil almaq istəyən şəxslərin diqqətində ola bilər:
"Eyni zamanda, mənzil axtaran şəxslər inkişaf etməkdə olan rayonlara da üstünlük verə bilərlər. Məsələn, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının müəyyən hissələrində nisbətən daha əlçatan qiymətlərə mənzillər tapmaq mümkündür. Xəzər və Qaradağ rayonları isə şəhər mərkəzindən daha uzaqda yerləşdiyinə görə tələbat baxımından müəyyən məhdudiyyətlərə malikdir. Bununla belə, həmin ərazilərdə qiymətlərin nisbətən əlverişli olması və gələcək inkişaf perspektivi baxımından bəzi ərazilər investisiya üçün prioritet hesab oluna bilər”.
Ekspert vurğulayıb ki, mənzil seçimində nəqliyyat və sosial infrastruktur da əsas meyarlardan biridir:
"Mənzil seçimində əsas amillərdən biri onun metroya, əsas yollara, klinikalara, parklara, bağçalara, məktəblərə, ictimai obyektlərə, yaşayış və istirahət məkanlarına yaxınlığıdır. Bu amillər mənzilin komfort səviyyəsini və gələcəkdə ona olan tələbatı müəyyənləşdirən əsas göstəricilərdir. Əgər mənzil investisiya məqsədilə alınırsa, şəhərin gələcək nəqliyyat strukturu, həmçinin tikinti və abadlıq layihələri də nəzərə alınmalıdır. Çünki yeni layihələr son nəticədə mənzilin yerləşdiyi binanın və ərazinin dəyərinə əhəmiyyətli təsir göstərə bilər”.
Vüqar Oruc şəhərin mərkəzi hissəsində həyata keçirilən layihələrin də mənzil bazarına təsir edə biləcəyini deyib:
"Bu istiqamətdə hansı ərazilərin nəzərdə tutulduğuna gəlincə, Mərkəzi Parkın ətrafında, Təzə Pir məscidi və Zəfər kompleksi ətrafında şəhərsalma və abadlıq işləri planlaşdırılır və artıq müəyyən layihələrə start verilib. Eyni zamanda, Qış Parkının yenilənməsi və yeni ictimai məkanların yaradılması da nəzərdə tutulur. Şəhərin mərkəzi hissəsində həyata keçirilən bu layihələr gələcək investisiya baxımından xüsusi əhəmiyyət daşıyır”.
Ekspert yeni metro stansiyalarının formalaşacağı ərazilərin də gələcəkdə diqqət çəkə biləcəyini bildirib:
"Eyni zamanda, Baş Plan çərçivəsində 2040-cı ilədək metro xətlərinin uzunluğunun 36 kilometrdən 73 kilometrə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur. Buna görə də yeni metro stansiyalarının formalaşacağı ərazilər gələcəkdə investisiya baxımından diqqətçəkən zonalar hesab edilə bilər. Bundan başqa, Ziya Bünyadov prospekti ilə digər əsas magistral yolların kəsişməsində böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Həmin ərazidə də mənzil almaq gələcək perspektiv baxımından müəyyən üstünlüklər yarada bilər”.
Fəridə Əsədzadə











































