Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi keçiriləcək.
AZXEBER/COM-un-məlumatına görə, sərgi 27-29 sentyabr tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək.
İldə bir dəfə keçirilən bu sərgidə gözəllik sənayesi sahəsindəki ən son təmayüllər nümayiş etdiriləcək və peşəkar kosmetika və avadanlıqların istehsalçıları, distribütorları və istehlakçılarının, habelə öz fəaliyyətlərində gözəllik və sağlamlıq sənayesinin qabaqcıl nailiyyətlərini istifadə etməyi arzulayan mütəxəssislərin maraqları birləşdiriləcək.
Bu il sərgidə Azərbaycan, Belçika, İtaliya, Latviya, Rusiya və digər ölkələrdən peşəkar kosmetika bazarının lideri olan şirkətlər iştirak edəcək və gözəllik salonları, sağlamlıq klubları, SPA mərkəzləri və bərbərxanalarda geniş surətdə istifadə olunan məhsul və texnologiyaları təqdim edəcəklər.
Sərgi ekspozisiyası peşəkar kosmetika, bədənə qulluq vasitələri, aromaterapiya, gözəllik salonları üçün avadanlıqlar, dırnağa qulluq materialları, müalicəvi kosmetika, saç üçün peşəkar məhsullar, bərbər alətləri, ləvazimatlar və istifadə materiallarını ehtiva edir. Sərgidə təbii kosmetikaya da böyük diqqət yetirilir. Belə ki, sərgidə iki il dalbadal iştirak edən ən böyük yerli istehsalçı “Gazelli” şirkəti və sərgidə ilk dəfə iştirak edən Latviya şirkətləri burada öz məhsullarını təqdim edəcəklər. Bu il ilk dəfə olaraq, ixrac olunan və daxili bazara idxal edilən kosmetika məhsullarının istehsalının keyfiyyəti və təhlükəsizliyinin ekspertizası və sertifikatlaşdırılması ilə məşğul olan şirkət də sərgidə iştirak edir.
Öz sahələri üzrə aparıcı mütəxəssislərin iştirakı ilə saçların modelləşdirilməsi, manikür, dəriyə qulluq prosedurları mövzusunda ustad dərsləri (“master klass”) sərgi proqramını tamamlayacaq.
“Beauty Azerbaijan-2012” sərgisi bu il də biznesin inkişafı üçün mükəmməl meydança olacaq və şirkətlərin öz təcrübələrini mübadilə etməsinə, ən yeni təkmilləşdirmələrlə tanış olmasına, yeni əlaqələr qurmasına və müqavilələr bağlamasına köməklik göstərəcək.