Bakıda həkim-cərrah və oğlu bıçaqlanıb. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin təhqiqatçısı Raisə Rüstəmovanın ANS PRESS-ə verdiyi məlumata görə, bıçaqlananlar 65 yaşlı Mirislam Mirislam oğlu Abbasov və onun oğlu 25 yaşlı Orxan Mirislam oğlu Abbasovdur. Hadisə bu gecə saat 01:00 radələrində Şimal DRES qəsəbəsində qeydə alınıb. Təhqiqatçının sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Abbasovun vəziyyəti ağırdır və o, komadadır. 25 yaşlı O.Abbasovun vəziyyəti isə qənaətbəxşdir. Təhqiqatçı ata-balanı bıçaqlayan şəxsin onların tanışı olduğunu bildirib. Belə ki, M. Abbasov cərrahdır və adı açıqlanmayan şəxs gecə saatlarında onları xəstə yanına aparmaq bəhanəsi ilə avtomobilə mindirib. Qaranlıq əraziyə gəldikdə Abbasovlara gözlənilmədən zərbələr endirməyə başlayıb. İnsidentin baş vermə səbəbinə gəldikdə isə təhqiqatçı bunun hadisəni törədən şəxs saxlanıldıqdan sonra dəqiq bəlli olacağını deyib. Artıq hadisəni törədən şəxsin kimliyi bəllidir və onun saxlanılması istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəsəbə sakinləri ANS PRESS-ə bıçaqlanan hər iki şəxsin tanınmış cərrah olduqlarını və 26 saylı şəhər xəstəxanasında çalışdıqlarını bildiriblər. 26 saylı şəhər xəstəxanasından isə ANS PRESS-ə bildirildi ki, Mirislam Abbasov vaxtilə bu xəstəxanada çalışsa da, hazırda Kəbirə Məmmədovanın klinikasında çalışır. Oğlu Orxan Abbasov isə Milli Aviasiya Akademiyasını bitirib.