Gecə saatlarında Bakının Binəqədi rayonunda iki qardaş bıçaqlanıb.7-ci mkr ərazisində 28 yaşlı Fətullayev Tural Fəqan oğlu və onun qardaşı Cavidlə onlara 4000 ABŞ dolları borcu olan Azər adlı şəxs arasında mübahisə baş verib. Mübahisə əlbəyaxa davaya çevrilib. Tərəflər bir-birlərinə yüngül bədən xəsarətləri yetiriblər.Daha sonra hadisə şahidləri onları ayırıb. Davadan bir neçə saat sonra Azərin Tacəddin və Elbrus adlı dostları Turala zəng edərək görüşməyi təklif ediblər. Tərəflər Biləcəri qəsəbəsində görüş təyin ediblər. Tural görüşə qardaşı Cavidlə gəlib. Övladlarının söhbətə getdiyini eşidən ataları polisə məlumat verib.Görüş zamanı yenə tərəflər arasında dava düşüb. Dava zamanı Tacəddin adlı şəxs Turalı, Elbrus isə Cavidi bıçaqlayıb.Yaralıları xəstəxanaya hadisə yerinə polis əməkdaşları ilə gələn ataları çatdırıb. Müayinə zamanı Turalın qolundan yüngül xəsarət aldığı, qardaşında isə döş qəfəsindən daxilə nüfüz edən bıçaq xəsarətinin olduğu müəyyən edilib. Cavid Fətullayev əməliyyat olunub, Tural isə tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.Qardaşları bıçaqlayan Tacəddin və Elbrus adlı şəxslər hadisə yerini “Mercedes” markalı avtomobillə tərk ediblər. Hazırda onların tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.Faktla əlaqədar cinayət işi də başlanıb.