Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
SOSİAL
17:37 11.06.2026
247
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Proqrama əsasən, dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən qrafik əsasında təşkili planlaşdırılır. Deputat qeyd edib ki, məqsəd şəhərdə nəqliyyat yükünü azaltmaq və hərəkətin daha səmərəli təşkilinə nail olmaqdır.

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, tıxacın qarşısını almaq üçün nəzərdə tutulan müəyyən addımlardan biridir:

"Bu, tıxacın qarşısını almaq üçün nəzərdə tutulan müəyyən addımlardan biridir. Bu məsələ artıq iki ildir ki, dövlət proqramında öz əksini tapıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, dövlət qurumları bu sistem üzərində işləməlidir. İş qrafiklərinin dəyişdirilməsi hansı fəsadlar yarada bilər, hansı üstünlüklər verə bilər – bunların hamısı araşdırılmalıdır. Zərərinin, yoxsa xeyrinin daha çox olacağı müəyyənləşdirilməlidir”.

O bildirib ki, bu məsələnin hansı formada həyata keçiriləcəyi araşdırılmalıdır:

"Dövlət proqramında birbaşa olaraq "bunların hamısı həll olunsun” deyilmir. Qeyd olunur ki, bu məsələlər tənzimlənməlidir. Bunun hansı formada həyata keçiriləcəyi araşdırılmalı, təhlil edilməlidir.
Oturub kabinetdə qərar qəbul etmək olmaz və ya parlamentdə sadəcə düymə basmaqla bu məsələni həll etmək mümkün deyil. Real vəziyyəti nəzərə almaq lazımdır”.

Ekspert bildirib ki, bəzi bölgələrdə iş qrafikinin dəyişdirilməsinə ehtiyac yoxdur:

"Burada həm təhsil, tibb, müxtəlif iş yerləri, özəl və qeyri-dövlət təşkilatları, dövlət qurumları, iri müəssisələr və müxtəlif regionlar nəzərə alınmalıdır. Elə bölgələr var ki, iş saatlarının başlanması və bitməsinin dəyişdirilməsi heç bir ciddi fərq yaratmayacaq. Amma elə ərazilər də var ki, burada bu dəyişikliklərə ehtiyac ola bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR