İki azyaşlı uşaq atası, ali təhsilli adam...
Bakı şəhəri Xətai rayonunun 37-ci polis bölməsinin əməkdaşlarının apardıqları operativ-axtarış tədbirləri nəticəsində yanvar ayının 15-də Zığ şosesində yaşayan məktəbli qızı güdərək vəhşicəsinə döyən kişi yaxalanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Xətai rayon Polis İdarəsindən bildiriblər.
Maraqlıdır ki, saxlanılan şəxs - 1979-cu il təvəllüdlü Məmmədov Rəşad Firdovsi oğlu iki azyaşlı uşaq atası, ali təhsilli, idmançı olub. Məlumata əsasən, məktəbli qız onu tanıyıb və artıq məhz ona hücum edən şəxsin R.Məmmədov olduğunu təsdiqləyib.
Xatırladaq ki, Məmmədov qızı hələ məktəbin həyətində gözaltı edib. O, qızın arxasınca evə qədər gedib, onunla bərabər binanın liftinə daxil olub və mənzilin qapısında ona hücum edib. Kişi məktəblinin üzünə ağır xəsarət yetirib, qızın burnu sınıb.
Hadisənin başvermə səbəblərini araşdırmaq üçün saxlanılan şəxs istintaq orqanlarına təhvil verilib. Amma ilkin məlumata görə, Məmmədov sadəcə qızı zorlamaq istəyib, ona görə də onun ardınca gedib. Amma xoşbəxtlikdən, məkrli planını həyata keçirə bilməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (ağır bədən xəsarətlərinin yetirilməsi) cinayət işi açılıb.