Bakıda mənzil qıtlığı yarana bilər, tikinti azalır - Qiymətlər bahalaşacaq?

Bakıda mənzil qıtlığı yarana bilər, tikinti azalır - Qiymətlər bahalaşacaq?
SOSİAL
17:23 23.11.2026
32
Bakıda yeni yaşayış binalarının tikintisi əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb.

Amma tikinti azalsa da, mənzilə ehtiyac artıb. Nəticədə alıcıların qarşısına daha az seçim, daha yüksək qiymətlər çıxır.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib ki, Bakıda yeni yaşayış binalarının tikintisinin azalmasını yalnız tikinti sektorunda qeydə alınan ümumi geriləmə ilə izah etmək düzgün olmaz:

"Burada bir neçə iqtisadi, maliyyə və bazar amili eyni vaxtda təsir göstərir. İlk növbədə, tikinti xərclərinin artmasını qeyd etmək lazımdır. Torpaq sahələrinin qiyməti, tikinti materialları, əməkhaqqı, infrastruktur və maliyyələşmə xərcləri yüksəldikcə, yeni layihələrin iqtisadi cəlbediciliyi azalır. Digər tərəfdən, tikinti şirkətləri mənzillərin satış qiymətini alıcıların real ödəmə qabiliyyətinə uyğunlaşdırmaqda çətinlik çəkirlər. Bu isə bəzi layihələrin təxirə salınmasına, bəzilərinin isə ümumiyyətlə reallaşdırılmamasına səbəb olur. Daha bir mühüm amil maliyyə resurslarına çıxışdır. Tikinti sektoru böyük həcmdə investisiya tələb edir. Kreditlərin bahalığı, maliyyələşmə imkanlarının məhdudluğu və investisiyaların geri dönüş müddətinin uzanması tikinti fəallığına mənfi təsir göstərir”.

Ekspertin sözlərinə görə, Bakı əhalisinin artması, regionlardan paytaxta miqrasiya və şəhər ətrafında məskunlaşmanın genişlənməsi mənzilə tələbatı artıran mühüm amillərdir:

"Lakin tikintinin azalmasını birbaşa əhali artımı ilə əlaqələndirmək doğru olmaz. Əksinə, əhali artımı normal şəraitdə tikinti sektoruna investisiyaları stimullaşdırmalıdır.
Burada əsas məsələ tələb və təklif arasındakı uyğunsuzluqdur. Bakıda mənzilə ehtiyac təkcə əhalinin sayının artması ilə bağlı deyil. Yeni ailələrin yaranması, ailələrin ayrı mənzillərdə yaşamaq istəyi, daxili miqrasiya və paytaxtda iqtisadi fəallığın cəmləşməsi də tələbi artırır. Digər tərəfdən, mənzilə tələbatın olması heç də bütün mənzillərin alıcılıq qabiliyyətinə uyğun olması demək deyil. Bazarda xüsusilə orta və aşağı gəlirli əhali üçün əlçatan mənzil təklifi məhduddur. Mənim fikrimcə, hazırda Bakı daşınmaz əmlak bazarında əsas problemlərdən biri mənzil təklifinin struktur baxımından tələbatı tam qarşılamamasıdır. Tikinti həcmlərinin azalması, torpaq resurslarının məhdudluğu, layihələrin bahalaşması və maliyyələşmə çətinlikləri bu prosesi daha da gücləndirir”.

Fərid Cəfərli vurğulayıb ki, əgər yeni yaşayış layihələrinin reallaşdırılması sürətlənməzsə, xüsusilə tələbatın yüksək olduğu ərazilərdə qiymət təzyiqi davam edə bilər:

"Bununla belə, qiymət artımını avtomatik və bütün seqmentlər üzrə eyni səviyyədə gözləmək düzgün deyil. Alıcılıq qabiliyyəti və ipoteka imkanları da bazarın qiymət dinamikasına təsir edəcək. Əsas çıxış yolu tikinti sayını sadəcə artırmaq deyil, bazara iqtisadi cəhətdən əlçatan, keyfiyyətli və şəhərsalma tələblərinə uyğun mənzillərin çıxarılmasını stimullaşdırmaqdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR