Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir və mənzil artıq təkcə yaşayış vasitəsi deyil, həm də əsas investisiya alətlərindən birinə çevrilib.
Son illərdə müşahidə olunan bahalaşma tendensiyası 2025-ci ildə də davam edir.
Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk rübündə ölkə üzrə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 14,4 faiz artıb. Artım həm ilkin, həm də təkrar bazarı əhatə edib.
Yeni tikililərdə qiymətlər daha sürətlə yüksəlib və bazarda ümumi bahalaşma dinamikası müşahidə olunur. Köhnə tikililərdə də qiymət artımı qeydə alınıb.
İnşaat eksperti Elnur Azadov AZXEBER.COM-a açıqlamasında bildirib ki, 2020-ci ildən etibarən daşınmaz əmlak sektorunda stabil qiymət artımı müşahidə olunur:
"Mərkəzi Bank vaxtaşırı Azərbaycanın investisiya bazarını təhlil edir. Qiymət artımı fonunda banklar tərəfindən təyin olunan depozit faizlərini müəyyən qədər tənzimləyir. Çünki daşınmaz əmlak qiymətlərinin sürətlə artması vətəndaşların vəsaitlərini depozitlərdə saxlamağa marağını azaldır.
2020-ci ildən etibarən ölkədə, xüsusilə daşınmaz əmlak sektorunda stabil qiymət artımı müşahidə olunur. Ən çox artım Bakı şəhərində mənzil bazarında qeydə alınır. 2021-ci illə bu ilin müqayisəsi göstərir ki, qiymətlər təxminən 70 faiz artıb. Yəni, Mərkəzi Bankın təhlilləri və daşınmaz əmlak ekspertlərinin bazar qiymətləndirmələri də göstərir ki, ciddi qiymət artımı müşahidə olunur. Məsələn, 2001-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda yeni tikililərdə bir kvadratmetrin qiyməti təxminən 1200-1300 manat idisə, hazırda eyni ərazilərdə analoji mənzillərin qiyməti 2500 manatdan yuxarıdır. Bu isə ciddi qiymət artımının göstəricisidir”.
Ekspert qeyd edib ki, ətraf ərazilərdə də artım müşahidə olunur:
"Bu tendensiya təkcə Bakı şəhərini deyil, ətraf əraziləri də əhatə edir. Kirayə qiymətlərində də artım müşahidə olunur. Daşınmaz əmlakın əlçatan olmamasının əsas səbəblərindən biri tikinti şirkətləri tərəfindən bazara çıxarılan mənzil sayının azalmasıdır. Məsələn, 2016-cı illə 2026-cı ili müqayisə etsək, həmin dövrdə tikinti şirkətləri daha çox icazə alır və bazara daha çox mənzil çıxarırdılar.
O dövrdə daşınmaz əmlak bazarı daha aktiv idi, qiymətlər isə daha stabil və əlçatan idi. Rəqabət tikinti şirkətlərini alıcılara daha sərfəli şərtlər təklif etməyə məcbur edirdi.
Lakin 2021-ci ildən sonra tikinti şirkətlərinə verilən icazələrin sayı xeyli azalıb. Bu gün 2016-cı illə müqayisədə bazar aktivliyi təxminən 8-10 dəfə azalıb.
Rəqabətin zəifləməsi tikinti şirkətləri tərəfindən qiymətlərin davamlı artmasına səbəb olur. Ən yüksək qiymət artımı 2022-2023-cü illərdə müşahidə olunub və illik artım 17-18 faizə qədər yüksəlib. Bakı və Abşeron ərazisində illik qiymət artımı orta hesabla 11-12 faiz səviyyəsində qeydə alınıb. Bəzi ucqar ərazilərdə isə tələbatın az olması səbəbindən qiymət artımı 50 faizə qədər yüksəlib”.
O bildirib ki, vətəndaşların növbəti il daşınmaz əmlak sektorunda təxminən 12 faizə yaxın qiymət artımı ilə üzləşəcəyi gözlənilir:
"Bazarın dinamikası satış həcmindən asılı olaraq dəyişsə də, qiymətlər normadan yüksək səviyyədə qalmaqda davam edir. Vətəndaşların növbəti il daşınmaz əmlak sektorunda təxminən 12 faizə yaxın qiymət artımı ilə üzləşəcəyi gözlənilir. Bununla bağlı ipoteka kreditlərinə müraciətlərin də artdığı müşahidə olunur. İstehlakçıların bir çoxu ipotekadan investisiya məqsədilə istifadə edir. Son illər ərzində qiymət artımı daha çox stabil inkişaf edən ərazilərdə özünü göstərir. Bakı şəhərində, xüsusilə "Sea Breeze” ərazisində qiymətlər 150 faizə qədər artıb. Bəzi seqmentlərdə, o cümlədən torpaq sahələri üzərində yerləşən kiçik mənzillərdə isə 200 faizə yaxın qiymət artımı müşahidə olunur.
Burada beynəlxalq layihələrin həyata keçirilməsi səbəbindən gələcəkdə tələbatın daha da artacağı proqnozlaşdırılır. Bu ərazilərdə yerləşən fərdi evlər və torpaq sahələri ən əlverişli investisiya zonaları hesab olunur. İkinci ən çox tələbat olan ərazi isə "Ağ Şəhər” layihəsidir. Ağ Şəhərdə yerləşən mənzillərə və torpaq sahələrinə də yüksək tələbat mövcuddur. İl ərzində daşınmaz əmlakın əlçatanlığının azalması səbəbindən vətəndaşlar daha çox kirayə mənzillərdə qalmağa üstünlük verirlər. Bu tendensiya davam edərsə, əhalinin alıcılıq qabiliyyətinə də mənfi təsir göstərə bilər”.
Şahanə Ziyad











































