Bakı şəhəri 175 saylı ümumtəhsil tam orta məktəbdə müəllim şagirdi döyüb. Bu haqda AZXEBER.COM-a şagirdin anası bildirib. O portalımıza məsələylə bağlı məktub ünvanlayıb. Həmin məktubu təqdim edirik. Sizə müraciət etməyimdə müdrikliyinizə və müəllim kimi iş təcrübənizə güvənirəm.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 14 Yanvar 2013-cü il tarixində Bakı şəhəri 175 saylı ümumtəhsil tam orta məktəbin 5-ci sinif şagirdi olan mənim qızım Cəfərova Fəridə ana dili dərsində müəllim Natəvan Quliyeva tərəfindən təhqir olunub.
Fəridənin dərsdə karandaş əvəzinə qələm ilə yazması Natəvan Quliyevanın qəzəbinə səbəb olub. O, Fəridəni sözlə təmbeh etmək ya da səhvini düzəltmək əvəzinə çiyinlərindən iki əli ilə tutub möhkəm silkələyib və uşağın üzündən əli ilə vurub. Eyni zamanda o, uşağı nəlayiq sözlər ilə təhqir edib. Uşağa bütün sinif şagirdləri qarşısında fiziki və mənəvi cəhətdən zərbə endirib. Bununla uşağın mənliyinə və şəxsiyyətinə toxunmuş olub. Qeyd etmək istəyirəm ki, bu kimi hallar məktəbdə ilk dəfə deyil. Sadəcə müəllim sonradan pis münasibət göstərə biləcək və həmin münasibət qiymətlərdə də öz əksini tapacağından qorxaraq uşaq susub, bizə heç bir şey bildirməyib. Lakin, bu tək mənim qızımın başına gələn əhvalat deyil. Natəvan Quliyeva mütəmadi olaraq digər şagirdləri də dəfələrlə fiziki təzyiqə məruz edib və nəlayiq sözlər işlədib. Bununla əlaqədar bir neçə dəfə sinif rəhbəri Sara xanım Musayevaya və məktəbin təhsil üzrə müdiri Tünzalə Həsənovaya təhqir olunan və fiziki təzyiaqə məruz qalan uşaqların valideynləri tərəfindən müraciətlər olunub. Lakin, bu müraciətlərin nəticəsində heç bir tədbir görülməyib. Əksinə, həmin şikayyətlərdən sonra Natəvan Quliyeva uşaqlara qarşı daha qəddar olub və şantaj edərək qiymətlərini aşağı salmaqla qorxudub, onları susmağa məcbur edib.
Bu, uşaq üçün psixiki cəhətdən çox böyük zərbədir və qəbuledilməz bir münasibətdir. Uşaq müəllimə baxıb ondan davranış qaydalarını öyrənməlidir, müəllim şagirdlərə örnək olmalıdır, şagir müəllimə etibar etməlidir. Biz isə tamamilə əks hal ilə üzləşirik.
Mən israrla Natəvan Quliyevanın onun əmək kitabçasında xüsusi qeyd edilmək şərtilə işdən azad olunmasını tələb edirəm. Çünki bu insan müəllim adlandırıla bilməz və onu uşaqlara yaxın buraxmaq cinayətdir.
Hörmətlə, valideyn
Əlişova Səbinə Rafiq qızı