Paytaxtın Yasamal rayonu, 2-ci Alatava ərazisində yaşayan Qasımovlar ailəsi, sözün əsl mənasında biri-birilə yola getmir. ANS TV-nin məlumatına görə, səbəb isə onlar arasındakı mülk davasıdır. Bir damın altında yaşayan ailənin bir-birilə ədavəti kiçik övladın həyətyanı sahədə özü üçün çadır qurması ilə nəticələnib. Ağbirçək Mərziyyə Qasımovanın dediyinə görə, oğlu Yusif ailə qurduqdan sonra, onlara gün verib işıq verməyib. Onsuz da kiçik evdə yer olmadığından kiçik oğlu çadırda yaşayır. Çıxış yolu kimi Yusifə həyətyanı sahədə ev tikdirilib. Amma Yusif həmin evə köçmür. Yusif dedi ki, onun pulu olmadığından sözügedən evi təmir etdirib yaşayış halına gətirə bilmir. Hazırda yaşadığı bu 10 kvadratmetrlik otaq da atasından miras qalmış evin bir parçasıdır. Əslində ev məhkəmədə ailə üzvləri arasında bölünüb. Həmin bölünən sahədə o, özü üçün ev də tikdirib, ancaq müvəqqəti burada yaşayır. Anası ilə arasındakı problemə gəlincə, Yusif bunu anasının ondan öz xanımını boşamasını tələb etməsilə əlaqələndirir. Hüquqşünas Tahir Əlirzayev isə bildirdi ki, miras o zaman sayılır ki, həmi evin yerli icra hakimiyyətindən müvafiq sənədləri olsun. Ancaq sənədlər olmadığı təqdirdə həmin ev gecəqondu sayılır ki, bu da heç bir mübahisəyə səbəb ola bilməz. Yusif Qasımov deyir ki, "Ev məhkəmə qərarı əsasında bölünüb, bu isə tamamilə yalandır". Bundan başqa hüquqşünas onu da bildirdi ki, yaxşı olardı ki, heç bir hüququ əsası olmayan mülk üstündə ailə arasında hədər yerə mübahisə getməsin.