Bakıda olan ‘xruşşovka’lar söküləcək? – ARAŞDIRMA

Bakıda olan ‘xruşşovka’lar söküləcək? – ARAŞDIRMA
Bütün Xəbərlər
15:37 27.11.2013
2636

Bakıda “Xruşşovka” kimi tanınan beşmərtəbəli yaşayış binalarının sökülməsi ilə bağlı dövlətin bir neçə fərqli qrumunun ziddiyətli açıqlamaları məsələni gündəmdə saxlamaqla bərabər, əmlak bazarına da öz təsirini göstərir.

Belə ki, söküntü ilə bağlı xəbərlərin çıxması “Xruşşovka” kimi tanınan beşmərtəbəli yaşayış binalarındakı evlərin qiymətinin enməsinə birbaşa təsir göstərir.

Məsələn, elə bu ayın 8-də Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakının Regional İnkişaf Planında “Xruşşovka” kimi tanınan beşmərtəbəli yaşayış binalarının sökülməsinin nəzərdə tutulmadığını bildirib. Onun sözlərinə görə, bu məsələnin reallaşdırılması hələlik tezdir: “Bu binaların vəziyyəti heç də pis deyil və bu binaların ləğvinə hələ ki ehtiyac yoxdur. Bu binaların istismar müddəti yüksəkdir və bizim hesablamalarımıza əsasən, 100 ildir”.

Ancaq bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sovet dövründə tikilmiş, bugünkü keyfiyyət standartlarına cavab verməyən beşmərtəbəli panel binaların sökülməsini təklif edir.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin rəisi Lətif Zeynalovun sözlərinə görə, bu təklif əsas etibarilə Bakının mikrorayonlarındakı "xruşovkalar"a aiddir. L.Zeynalovun sözlərinə görə, bu binalardakı vəziyyət çox pisdir:

“Otaqlar kiçikdir, isitmə sisteminə malik deyil. Kanalizasiya və su təchizatı sistemi çox pis vəziyyətdədir. Əgər özəl şirkətlər üçün əlverişli şərait yaradılarsa, boşaldılan ərazidə yeni, keyfiyyətli yaşayış massivləri salmaq olar”.

Bəs görəsən, iki dövlət qrumunun bir ay ərzində “sökülməlidir – sökülməməlidir” oyunu əmlak bazarına necə təsir edir?

Ekspertlərin fikrincə bu cür informasiyalar yayılarkən qrumlar arasında rabitə mütləq olmalı və yekdil mövqeydən çıxış edilməlidir. Əks təqdirdə, evlərin qiymətində enmələr və artmalar müşahidə olunacaq.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı "xruşşovka" binalarının sökülməsi məsələsi bir neçə il əvvəl aktual olub və ictimai müzakirəyə çıxarıldığını deyib:

"Amma, görünür, hələ ki, tikinti şirkətləri paytaxt ərazisində müəyyən qədər boş yerlər tapa bilirlər. Onlar daha çox fərdi yaşayış evlərinin məskunlaşdığı, fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin alınmasında maraqlıdır. Çünki bu onlara daha ucuz başa gəlir. Bu səbəbdən də, təbii ki, çoxmərtəbəli binaların, yəni 5-6 və ya 9 mərtəbəli binaların alınıb sökülməsində maraqlı deyillər. Düşünürəm ki, söhbət təkcə "xruşşovka" layihəli mənzillərdən getmir. Təxminən 20-ci əsrin əvvəllərindən etibarən tikilən alman layihəli binalardan başlayaraq, italyan layihəli, "xruşşovka" layihəli, fransız layihəli evlərin sökülməsi istiqamətində addımlar atılmalıdır. Bu təkcə mənəvi və fiziki baxımdan aşınma ilə izah olunmamalıdır. Bu evlərə bir qədər beynəlxalq standartlara cavab vermək baxımından yanaşsaq, görəcəyik ki, bu tipli binalarda yaşayış üçün minimum tələblər belə pozulur. İnsanın normal yaşaması üçün yetərli şərait mövcud deyil. O baxımdan, mən də hesab edirəm ki, söküntü işləri aparılmalıdır. Bunun mənzil bazarına təsirinə gəlincə isə, düşünmürəm ki, mənzil bazarında ciddi bir dəyişikliyə gətirib çıxara bilər və yaxud da bu, qiymət artımına və ya azalmasına təsir edə bilər. Əksinə, düşünürəm ki, mənzil fondunun təkmilləşməsi baxımından daha da optimal və pozitiv bir addım olardı". 

R.Osmanlı onu da vurğuladı ki, adıçəkilən binaların sökülməsi hazırkı şərait üçün düzgün deyil. Çünki köhnə tikililərin sökülərək yenisi ilə əvəzlənməsi vəsait tələb edir. Dövlətin indiki durumunu nəzərə alsaq, "xruşşovka" binaların sökülməsi düzgün deyil.

Rusiyada “xruşşovka”ların söküntüsünə başlanılıb

Moskvada beşmərtəbəli binaların sökülməsi proqramı 67,8% yerinə yetirilib. Moskva şəhər tikintisi Departamentinin idarə rəisi Yuri Yevseyevin sözlərinə görə, 1995-ci ildən beşmərtəbəli və köhnə evlərin kütləvi rekonstruksiyasına başlanılıb.

Sökülmə proqramı 6,5 mln. kv. m beşmərtəbəli panel evlərin sökülməsini nəzərdə tutub. Bunun 4 mln. 295,9 kv. m-i artıq sökülüb. 2010-cu ildə 460,6 min kv. m (122 ev), 2011-ci ildə 561 min kv. m (153 ev), 2012-ci ildə isə 671,9 kv. m (179 ev) sahəni əhatə edən mənzillərin sökülməsi planlaşdırılır.

Y.Yevseyev qeyd edib ki, beşmərtəbə sakinlərinin 70%-i evlərinin əsaslı bərpasını istəmədiyi üçün evlərin əksəriyyəti sökülür.

“Bu cür layihələr daha çox özəl tikinti şirkətlərinə həvalə edilir”.

İqtisadçı-ekspert Samir Əliyev AZXEBER.COM-a açıqlamasında bu cür iri həcmli layihələrin daha çox özəl şirkətlərə həvalə edildiyini söyləyib.

Ekspertin fikrincə, “xruşşovka”ların sökülməsi və yerinə yenilərinin tikilməsi dövlət büdcəsindən vəsait tələb etməyəcək:

“Əgər bu binalar qəzalı vəziyyətdə deyilsə onların sökülməsinə nə ehtiyyac var? Əgər ehtiyyac varsa o zaman bu binaların sökülməsi və yerinə yenilərinin tikilməsi üçün büdcədən elə də bir vəsait xərclənməyəcək. Çünki bu cür layihələr daha çox özəl tikinti şirkətlərinə həvalə edilir. Ancaq bu şirkətlərin bəziləri də dövlət büdcəsində maliyyələşdirilir və müəyyən dövlət sifarişlərini yerinə yetirir. Buna görə də əgər bu şirkətlər də həmin layihədə iştirak etsə bu zaman investisiya xərclərində də müəyyən xərclənmələr ola bilər”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR