Gənclik parkındakı ağacları kimlər kəsib? - FOTOLAR

SOSİAL
11:15 27.02.2023
853
Gənclik parkında ağaclar kəsilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məlumata görə, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında ağaclar kəsilib. Ağacların kəsilməsi cəmiyyət tərəfindən xoş qarşılanmayıb. İddialara görə, parkda iş adamlarının birinə iaşə obyekti açmasına şərait yaratmaq üçün ağacların kəsilməsinə göz yumulub. 

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ağacların kəsilməsinə səbəb onların xəstə olmasıdır. O bildirib ki, qurum ağacların kəsilməsinə birbaşa nəzarət edir:

"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Oradakı ağaclar xəstə ağaclar idi. Hazırda onların yerinə yeni ağaclar əkilir. Qurum bu prosesə birbaşa nəzarət edir”.

Qeyd edək ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanıb. Park 2021-ci ilin avqust ayında açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yaradılan "Gənclik” parkının açılışında iştirak ediblər.

Ayşən Mirzəyeva

 

 

 

 

OXŞAR XƏBƏRLƏR