Bakıda partlayış: Ölənlər və xəsarət alanlar var

Bakıda partlayış: Ölənlər və xəsarət alanlar var
Bütün Xəbərlər
11:48 17.08.2012
1613

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş verib.

AZXEBER.COM-un FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçmuş, 5 nəfər ev sakini uçqun altında qalmış, ev əşyaları 5 kv.m sahədə, həyətdə olan “Mercedes” markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanmışdır.

Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müxtəlif xəsarətlər almış ev sahibinin həyat yoldaşı – 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu – 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişdir. Hadisə nəticəsində ölmüş ev sahibi – 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları – 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

OXŞAR XƏBƏRLƏR