Bakıda polis polisi narkotiklə şərləyərək tutdurub
Bütün Xəbərlər
11:51 04.11.2011
2143
Analoqsuz cinayətin təfərrüatları «Azadlıq»da Bu il iyulun 7-də qəzetlərin kriminal səhifəsində Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə istinadən xırda bir xəbər yayıldı. Məlumata görə, Binəqədi rayon Polis Idarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Dursun Əliyev 2 qram narkotik maddəni vətəndaşa satarkən onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi əməkdaşları tutub. Polis ikili siyasət aparmırmış Inanmıram ki, bu xəbər o zaman çoxlarını təəccübləndirib, çünki bizim ölkədə polisin narkoticarətdə adı hallanması çoxdan adiləşib. Dursun Əliyevin həbsi uzaqbaşı bu reaksiyanı yaratmışdı: görəsən, kimin bazarına giribmiş? Bu günlərdə redaksiyamıza ziyalı bir xanım gəldi, o, Slavyan Universitetinin müəllimi, həbs olunan mayorun bacısı Tamilla Əliyeva idi. Tamilla xanım qardaşının şərləndiyini iddia edir, bəli-bəli şərləndiyini, özü də polis yoldaşları tərəfindən. Onlarla dövlət orqanının qapısını döyəndən sonra çarəsiz qalan xanım qardaşının günahsız yerə həbsə atıldığını əminliyini ifadə edir və bir sıra maraq doğuran açıqlamalar verir. Tamilla xanımın dediklərindən aydın olur ki, Azərbaycan polisi peşə fəaliyyətində ikili standartlara yol vermir; o, adi vətəndaşlar kimi öz sırasında olanları da narkotiklə şərləyə bilir. Biz bu müdhiş olayı müəllimənin bizə verdiyi materiallar əsasında incələməyə çalışacağıq. Öncə, indi soyuq zindanda yatan mayorun kimliyi barədə... Polis mayoru Dursun Əliyev Qarabağ müharibəsi veteranıdır. 1990-1992-ci illərdə Əsgəran rayon Milis Şöbəsinin rəisi işləyib, Qarabağ savaşında fəal iştirak edib. 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərək qatı cinayətkarı yaxalayarkən, odlu silahdan açılan atəşlə yaralanıb. 2008-ci ildə DIN-in “qüsursuz xidmətinə görə” medalı ilə təltif olunub. Polis idarələrində həbsxana mühiti Şikayətçinin sözlərinə görə, qardaşının həbsinə işdə olan intriqalar səbəb olub. O bildirir ki, mayor Əliyev Binəqədi rayon Polis Idarəsinin Cinayət Axtarışı Şöbəsində böyük əməliyyat müvəkkili işləyərkən 06 iyun 2010-cu il tarixdə Ağalar Məhərrəmov Binəqədi rayon Polis Idarəsinin rəisi təyin olundu və bu gündən onsuz da Cinayət Axtarışı Şöbəsinin rəisi Heydər Heydərli ilə yola getməyən qardaşının əsl qara günləri başlayıb: “Məsələ burasındadır ki, yeni rəis vəzifəsinin icrasına Polis Idarəsinin köhnə əməkdaşlarına ərizə yazıb könüllü işdən getməyi təklif etməklə başladı. Məqsəd isə boşalan yerlərə öz adamlarını yerləşdirmək idi. Lakin qardaşım ermənilərin qarşısından qaçmadığı kimi, özbaşına rəislərinin qanunsuz tələbləri qarşısında da baş əymədi və ərizə yazıb işdən getmək istəmədi. Belə olan halda, qardaşımın bilavasitə rəisi Heydər Heydərli onu yanına çağırıb xoşluqla işdən getməsini təklif etdi. Lakin D.Əliyev bu dəfə də işdən getməkdən imtina etdi. Qardaşımın öz xoşu ilə işdən getməyəcəyini görən rəisləri onun üçün hər addımda problemlər yaratmağa başladılar. Ağalar Məhərrəmov və Heydər Heydərli onu mütəmadi alçaldır, təhqir edir, işlə bağlı müəyyən sənədləri imzalatdırmaq lazım gələndə, saatlarla gözlədir, bir sözlə, elə dözülməz şərait yaradırdılar ki, o məcbur olub işdən getsin. Heydər Heydərli qardaşımı nə qədər əsəbləşdirsə də, şəxsiyyət kimi öz qarşısında sındırmağa çalışsa da, qardaşım dözürdü”. Özbaşınalıq Bacısının dediklərinə görə, Ağalar Məhərrəmov və Heydər Heydərli Dursun Əliyevi işdən getməyə məcbur edə bilməsələr də, iş yerini dəyişməsinə, həmin idarənin tərkibində daha aşağı vəzifəyə keçməsinə nail ola bildilər və o, Binəqədi RPI-nin 6-cı Polis Bölməsinə keçirilir: “04 iyul 2011-ci il tarixdə qardaşım növbəyə getdi, lakin səhəri gün işdən evə qayıtmadı. Həyat yoldaşı, övladları və mən narahatlıq keçirirdik. Çünki işdə ləngiyəndə o həmişə evə zəng vurub xəbərdarlıq edirdi. Nəhayət öyrənə bildik ki, onu həbs edib Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparıblar. Səhəri gün qardaşımdan xəbər bilmək üçün həmin Idarəyə gedib qəbul növbəsinə yazıldım, lakin 4-5 saat gözlədikdən sonra məni qəbul etmədilər. Qəribədir ki, polis mayoru həbs olunur, ailəsi ondan xəbər tuta bilmir, lakin dərhal internetdə onun guya 2 qram qurudulmuş marixuana - narkotik maddə - satmaq üstündə həbs olunduğu haqda məlumat verilir. Bu, öz-özlüyündə qanun pozuntusu, qərəzlilik deyil, bəs nədir?! Iş araşdırılmamış, məhkəmə qərar çıxarmamış Qarabağ müharibəsi veteranı, Vətən yolunda yaralanmış polis mayorunun təmiz adını ləkələmək, onu el içində biabır etmək kimə lazım imiş?”. 30 ilin polisi necə oldu narkoticarətə uydu? Şikayətçi bildirir ki, qardaşının başına gətirilənlər əvvəldən axıra qədər təşkil olunub, ssenarisi isə Binəqədi RPI-nin rəhbərliyi tərəfindən işlənib. Adları çəkilən A.Məhərrəmov və H.Heydərli öz agentlərini göndərib polis mayoru Dursun Əliyevin kabinetinə 2 qram qurudulmuş marixuana atdırıb, lakin bunun nəticə verməyəcəyini başa düşüb, pəncərəsinin altına da 20 manat pul tullatdırıblar. Guya ki, polis mayoru Dursun Əliyev polis idarəsinin muzdlu agentinə narkotik vasitə satıb.