Bakıda polis yol kənarında saxlanılan maşınların ‘ov’una çıxıb - FOTOLAR

Bakıda polis yol kənarında saxlanılan maşınların ‘ov’una çıxıb -  FOTOLAR
Bütün Xəbərlər
13:18 13.08.2013
1963

Dayanma və durma qaydasını pozan 320 sürücü cərimələnib.

Artıq bir neçə gündür ki, Bakının mərkəzində avtomobillərin yol kənarında saxlanılmasına icazə verilmir. Dövlət Yol Polisinin əməkdaşları bir neçə gündür ki, bununla bağlı şəhərin mərkəzində reydlər aparırlar. Qadağan olunmuş yerlərdə, piyada səkilərində maşın saxlayanların avtomobilləri götürülür.

DYP-dən “Yeni Müsavat”a verilən məlumata görə, reydlərə əsas səbəb şəhərin mərkəzində yeraltı dayanacaqların olmasına baxmayaraq sürücülərin öz avtomobillərini piyada səkilərində, yol kənarında saxlamalarıdır.

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində tikilən yeraltı qarajlar tam istifadəyə verildikdən sonra həmin qarajların yaxınlıqlarında dayanma və durma qaydasına icazə verilən nişanlar quraşdırılacaq. Yeraltı qarajlardan istifadə etməyən və avtomobili dayanma və durmanı qadağan edən nişanların təsir sahəsində saxlayan sürücülər cərimə ediləcək.

V.Əsədov həmçinin qeyd edib ki, son bir həftə ərzində paytaxt ərazisində dayanma və durma qaydasını pozan 320 sürücü cərimələnib.

Bir başqa məlumat isə yol kənarında durmanın müddətli olması ilə bağlıdır. Bakının bir sıra mərkəzi küçələrində, nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda xüsusi yol nişanlarının quraşdırılmasına ehtiyac yaranıb. Belə ki, həmin yollar qanunvericiliyə uyğun olaraq birdəfəlik ağ (yəni saxlamaq olar) və sarı (saxlamaq olmaz) rənglərlə rənglənir. Hərəkətin intensiv olduğu vaxt bu xətlər üzərində saxlanılmış avtomobilləri daşımaq əlavə çətinlik yaradır və vaxt aparır. Həmçinin həmin avtomobillər üzərinə cərimə qəbzləri yazılması da effekt vermir. Çünki bu halda da nəqliyyat vasitəsi yerində qalır və hərəkətə mane olur.

Odur ki, yollarda daha işlək və effektli vasitələrə ehtiyac yaranıb. Qərara alınıb ki, bəzi küçə və prospektlərdə günün müəyyən vaxtlarında, hərəkətin intensivliyinin aşağı olduğu vaxtlarda nəqliyyat vasitəsinin saxlanılmasına icazə verilsin. Hərəkətin intensiv olduğu vaxtlarda isə yol kənarında avtomobil saxlanılması qadağan olunsun. Bunu sürücülərə çatdırmaq üçün isə yol kənarlarına elektron tablolar quraşdırılacaq. Bir sıra informasiya monitorlarında da sürücülər bu barədə məlumatlandırılacaq. Qeyd olunan tələbləri pozan sürücülər isə cəzalandırılacaq. Hazırda gözlənilən dəyişikliklərin qanuniləşdirilməsi üçün qanunvericilik aktlarında dəyişiklik edilməsi üzərində iş aparılır.

Musavat.com

OXŞAR XƏBƏRLƏR