Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Nərimanov metrosunun yaxınlığında polislərlə əsgər arasında qarşıdurma olmuşdu.
Məsələylə bağlı AZXEBER.COM-a danışan hadisə şahidlərindən birinin sözlərinə görə, mətbuatda dərc olunan informasiyalar doğru deyil.
Adının açıqlanmasını istəməyən hadisə şahidi, əsgərin pulu olmadığı üçün polislər tərəfindən təzyiqə məruz qaldığını bildirib:
“Yol polisi reyd keçiridi. Əsgər yolu keçəndə onu saxladılar və cərimələdilər. Ondan 20 manat istədilər, ancaq onlarda pul yox idi. Ona görə narazılıq düşdü. Daha sonra polislər əsgəri və ona köməyə gələn 2 vətəndaşı döyməyə başladılar”.
Xatırladaq ki, hadisə ilə bağlı yayılan ilkin informasiyalara görə, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yol polisi əməkdaşları maşın saxlayıblar. Sükan arxasında əsgər olub. Polis əməkdaşları ilə əsgər arasında mübahisə yaranıb. Kənarda dayanan vətəndaşlar da mübahisəyə müdaxilə ediblər və qarşıdurma baş verib, yol bağlanıb. Sonradan əraziyə əlavə polis qüvvələri cəlb edilib.
Hadisəylə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.