Artıq illərdir ki, Bakıdakı bir çox restoranlar müştərilərə təqdim edilən hesabdan əlavə olaraq servis haqqı da tələb edirlər. Kassa çeklərinin altında qeyd olunan servis faizindən çox vaxt istehlakçının ya xəbəri olmur, ya da ən sonunda - hesabı ödədikdən sonra xəbəri olur.
Restoranlar tərəfindən tələb edilən servis haqları minimum 10, maksimum 25 faizə qədərdir. İki gündür sosial şəbəkələrdə yayımlanan fotolardan birində isə hesabın üzərinə 25% servis haqqı tələb edildiyi qeyd edilmişdi.
![](https://azxeber.com/file/pic/xeber/2023-07/1689084623_359703348_1286190222201387_4630819056370774139_n.jpg)
Belə olan halda ortaya haqlı suallar çıxır: Bu tələb qanunidirmi? Restoranlarda müştəridən servis haqqı tələb edilməlidirmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu tələbin soyğunçuluqdan başqa bir şey olmadığını deyib:
"Bəzi ölkələrdə servis haqqı faiz ilə müəyyən olunur. Məsələn, Kanadada 20 faiz təşkil edir. Ancaq verməsən də heç kim onu səndən tələb etməz. Başqa ölkələrdə bunun kassa çekinə yazıldığına rast gəlməmişəm. Azərbaycanda isə istehlakçının soyulması davam edir. Bu restoranlarda böyük özbaşınalığın olduğunu göstərir. Bir çaynik çaya 50-100 manat tələb edirlər. Dənizə tərəf baxıb o çayı içəcəksənsə pulun da dəyəri artır. Bu sadəcə tragikomediyadır. Xidmət haqqının tələb edilməsi heç bir hüquqi sənəddə göstərilməyib”.
![](https://azxeber.com/file/pic/xeber/2023-07/1689084804_eyyub-huseynov-e1494837994811.jpg)
Eyyub Hüseynov hesab edir ki, bununla bağlı qaydaların formalaşmasına ehtiyac var:
"Qaydalar tətbiq edilməlidir. Restoranlar bu qaydalar əsasında işləməlidirlər. Qaydalar olmadığı üçün istehlakçını necə gəldi soyurlar. Vətəndaş da servis haqqını verməyə məcbur olur. İstehlakçı öncədən bilməlidir ki, bu qədər xidmət haqqı verəcək. Azad İstehlakçılar Birliyi nöqteyi-nəzərindən bu istehlakçının hüquqlarının pozulmasıdır. Azərbaycanda turizm inkişafına böyük zərbədir.
Və yekunda Azərbaycan haqqında pis imicin formalaşmasına səbəb olur”.
AİB sədrin sözlərinə görə bəzi biznes qurumları dövlətin qanunlarını ayaq altına salıb tapdalayır:
"Bu işdə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” isə sadəcə gözünü yumur. Dəfələrlə ölkə Prezidenti qiymət artımının, monopoliyanın olduğunu dilə gətirib, tapşırıqlar verib. Lakin adı çəkilən dövlət qurumu bu sahədə heç bir iş görməyib. Restoranlar üçün qaydalar hazırlayıb, təsdiq olunmalıdır ki, istehlakçıların başına bu işlər gətirilməsin”.
![](https://azxeber.com/file/pic/xeber/2023-07/1689084798_bf4cdef7-10c9-384c-b43f-3a109be2e5bd_850.jpg)
Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında məsələyə fərqli yanaşıb. Onun fikrincə, yaxşı xidmət edən restona bəxşiş verilə bilər:
"Bəzi restoranlarda xidmət haqqının məcburu qaydada verilməsini tələb edirlər. Halbuki bu xidmətə görə verilməlidir. Yaxşı xidmət etmisənsə, vətəndaş bu pulu verə bilər, etməmisənsə yox. Seçim restorana gələn insanın olmalıdır. Yüksək xidmət göstər ki, bunun qarşılığında maddi dəstək edilsin. Məcburi tələb etmə qəbuledilməzdir. Bu cəmiyyətdə də narazılıqların yaranmasına səbəb olur”.
Şəbnəm Zahir