Qaz kəsiləndən sonra smart tipli sayğacların koda düşməsi Hacıadlı Xətai rayon sakinini qazsız qoyub. Şikayətçi bildirib ki, sentyabrın 18-də səhər saatlarından etibarən yaşadığı Xətai rayonu, Naximov küçəsi dalan 2, ev 34 ünvanına qazın verilişi dayandırılıb. Sonradan qazın verilişi qonşularda bərpa olunsa da, smartkart qaz sayğacı koda düşüb. Həmin günü axşam, eləcə də sentyabrın 19-da dəfələrlə “185” qaynar xəttə müraciət etsə də, zənglərinə cavab verilməyib. Digər telefon nömrələri olan 521-21-90, 555-13-52 nömrəli telefonlarla əlaqə saxlasa da, problemini həll edən olmayıb.
“Bu problem birinci dəfə deyil ki, yaşanır. Artıq son bir il ərzində 3-4 dəfə bu cür problemlə rastlaşmışam. Bu problemin nə vaxt aradan qalxacağı məni maraqlandırır”, - deyə oxucu məktunuda deyilir.
Xətai Rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Vəli Sadıqov açıqlamasında şikayətçinin iradlarını əsassız hesab etdi. Onun sözlərinə görə, sentyabrın 18-də təmir işləri ilə əlaqədar Xətai rayonu ərazisində 10 saat qaz olmayıb. Qazın kəsilməsi nəticəsində sayğacı koda düşən bütün abonentlərin problemi aradan qaldırılıb.
Baş mühəndis qısa zamanda şikayətçi abonentin ünvanına gedərək problemin aradan qaldırılacağına söz verdi.