Bakıda ticarət obyekti qəsdən yandırılmış sahibkarın məktubu - MƏTN

Bakıda ticarət obyekti qəsdən yandırılmış sahibkarın məktubu - MƏTN
Bütün Xəbərlər
10:12 12.05.2012
1692
AZXEBER.COM informasiya portalının redaksiyasına Bakı şəhər sakini Əliyeva Arifə Nadir qızından şikayət məktubu daxil olub. Məktubu təqdim edirik. Təsisçisi olduğum “Xudafərin– AN” MMC-nin balansında olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 192 ünvanda yerləşən ticarət obyektləri 1994-cü ildən rəsmi sənədlərlə şirkətimizə məxsusdur. 05 avqust 2010-cu ildə ticarət obyektində naməlum şəraitdə yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə komissiyasının rəyi əsasında məlum oldu ki, yanğın qəsdən törədilmişdir, lakin yanğını törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər. Baş verən məlum yanğından 5 gün sonra 2 nəfər şəxs: Akif Zülfüqarov və Mehman Həsənov Telman oğlu yanıma gələrək bu obyekti təmir edib işlətmək istədiyini, əvəzində hər ay üç min manat (3000 AZN) icarə haqqı ödəyəcəklərini bildirdilər. Lakin bu günə qədər razılaşdığımız icarə haqqını ödəməkdən açıq – aşkar imtina edilmiş və heç bir məbləği ödəməmişlər. 21 fevral 2011-ci ildə qarşı tərəfin icarə müqaviləsinin şərtlərinə əməl etmədikləri üçün icarə müqaviləsinə xitam verdiyimizi və onların tezliklə ticarət obyektini tərk etmələrini bildirdik. Mehman Həsənov Telman oğlu və onun qohumları Nəsimi RPİ-nin 22-ci Polis bölməsinə şikayət edərək, guya bizim “onlara qarşı zorakılıq etdiyimizi” bildirmiş, öz havadarlarının köməkliyi ilə saxta və qondarma ittihamla bizə qarşı Bakı şəhəri Baş Polis İdarəsində 110076054 saylı cinayət işi üzrə araşdırma başlatmışlar. Şirkətimiz “Xudafərin– AN” MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 192 ünvanda yerləşən ticarət obyektinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişik. Hal – hazırda 1 saylı İnzibati – İqtisad Məhkəməsində işə mahiyyəti üzrə baxılır. Qeyd olunan şəxslər ticarət obyektimizi qeyri–qanuni yollarla mənimsəmək məqsədilə Xətai Rayon Prokuroru- Yusif İldırımzadə, Nəsimi Rayon Polis İdarəsinin keçmiş rəisi Məmməd Mikayılov, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi İlham Paşayevlə əlbir olduqlarını aşkar sürətdə bildirirlər.Şirkətimizə məxsus ticarət obyektinin qeyri– qanuni yollarla mənimsənilməsinin qarşısının alınması, mənim və ailəmin təhlükəsizliyinin təmin olunması və bu işdə əlbir olan şəxslərin cinayət əməllərinin qarşısının alınması üçün Daxili İşlər Naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova, Bakı Şəhər Prokuroru cənab Əziz Seyidova ərizə ilə müraciət etmişik. Lakin heç bir müsbət nəticə ala bilməmişik. Bu müsibətlərdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunması və pozulmuş hüquqlarımın bərpasında aidiyyatı orqanlardan köməklik etməsini xahiş edirəm. Hörmət və ehtiramla,Əliyeva Arifə Nadir qızı
OXŞAR XƏBƏRLƏR