Ötən gecə Bakının Yasamal rayonunda istifadəsiz bir binada yanğın baş verib. Şərifzadə küçəsi 119 ünvanında yerləşən binanın əvvəllər uşaq bağçası kimi istifadə edildiyi, sonradan istifadə yararsız olduğundan bina tərk edilib. Yanğın binanın dam örtüyündə meydana gəlib və sonra otaqlara keçib. Güclü alovlar dam örtüyünün təxminən 20 kvadratmetrlik hissəsini əhatə edib və yayılmağa başlayıb. Sonradan otaqların qapı-pəncərə çərçivələrinə keçən alovun miqyası tez bir zamanda genişlənib. Bir neçə otağa yayılan yanğın nəticəsində əsasən otaqların taxta döşəmələri və bəzi taxta tullantılar alışıb. Güclü alovlar burada isə təxminən 80 kvadratmetr ərazini külə döndərib. Hadisə nəticəsində xəsarət halı qeydə alınmayıb. Ətrafa yayılan alovları görən hadisə şahidləri dərhal yanğından mühafizə xidmətinə məlumat veriblər və sözügedən ünvana 4 yanğın söndürən maşınlar cəlb olunub. Hadisə yerinə gələn yanğından mühafizə dəstələri alovu tez bir zamanda ram edə biliblər. Fəvqəladə Hallar Nazirliyinin təhqiqat qrupu isə yanğının necə baş verməsi səbəblərini araşdırır. Binanın tamamilə istifadəsiz olduğunu nəzərə alan təhqiqat qrupu hadisənin ehtiyasızlıq nəticəsində meydana gəldiyi qənaətindədir. Bununla belə, araşdırmalar davam edir.