Bakıda yol polisi mikrofonla dönər sifariş verdi və işdən qovuldu

Bakıda yol polisi mikrofonla dönər sifariş verdi və işdən qovuldu
Bütün Xəbərlər
14:00 16.01.2013
2949
Yol polisi avtomobillərindən mikrofonların niyə yığışdırıldığı məlum oldu
"Gündəlik Teleqraf"ın məlumatına görə, artıq bir neçə aydır ki, Bakıda yol polisi maşınlarında qayda pozan sürücülərin mikrofonla çağırılması qadağan edilib. Yəqin ki, diqqət edən vətəndaşlar son aylar ərzində yol polislərinin qayda pozan sürücüləri mikrofonla çağırmadığını, sadəcə, avtomaşının üzərindəki sayrışan işıqları yandırmaqla, əl işarəsi və sürücülər arasında məşhur olan “marqat” etmək kimi hərəkətlərlə sürücüləri saxlatdırırlar.
Yayın sonlarına yaxın qoyulan bu qadağa dərhal icra olunub. Səbəbi rəsmi şəkildə açıqlanmasa da, artıq əksər yol-patrul xidməti avtomaşınlarından mikrofonlar yığışdırılıb.
DYP rəsmiləri bunu təsdiq etsələr də, əsl səbəbi başqa cür izah etmişdilər. Bildirilirdi ki, guya dünya təcrübəsinə əsaslanaraq və əhalinin rahatlığını düşünərək bu addımı atıblar. Lakin bu günlərdə mikrofon qadağasının əsl səbəbini öyrənə bildik. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Nəriman Nərimanov adına parkın yaxınlığında xidmət aparan yol polisi əməkdaşları dönər satılan köşkə yaxınlaşaraq avtomaşından düşmədən mikrofonla dönərçini çağırıblar.
Sonra də elə xidməti avtomaşının mikrofonu ilə “bizə iki dənə dönər hazırla, duzu-istiotu bol olsun, soğan vurma”, - deyərək dönərçiyə göstəriş veriblər. Ətrafdakılar bunu gülüşlə qarşılayaraq DYP əməkdaşlarının cəmiyyətə açıq-aydın hörmətsizlik etdiyini bildiriblər.
Həmin vaxt bir neçə vətəndaş Daxili İşlər Nazirliyinə şikayət edib. Bundan başqa, məlumatlı mənbə bildirir ki, bu hadisə baş verərkən həmin ərazidən nazirlərdən biri keçirmiş və o da bunun şahidi olub. Dərhal bu barədə daxili işlər naziri Ramil Usubova məlumat verildikdən sonra ertəsi gün həmin DYP əməkdaşları daxili işlər orqanlarından xaric olunublar. Bundan başqa sıravi işçilərin xidmət apardığı DYP avtomaşınlarından mikrofonların yığışdırılması barədə qərar qəbul olunub.
OXŞAR XƏBƏRLƏR