Heç özü də hansı yaşda ailə qurduğunu dəqiq xatırlamır. Deyir, sinif yoldaşı onu qaçırıb, yaşı çatmadığından rəsmi nikah da kəsdirməyib. Boşanıb geri qayıdanda anası ailəyə pul gətirməyini istəyib. Bir rəfiqəsi onu Bakıda bir mağazaya işə düzəltməyə söz verib:
«Rəfiqəm dedi ki, Bakıda mağazada iş var, aya 400 manat, yəni 500-600 dollar maaş verirlər. Bileti aldı. Keçən ilin oktyabrında Bakıya gəldik. Aeroportda 2 oğlan qarşılayıb, bizi bir evə apardı. 2-3 saatdan sonra da bara düşdük».
Zərifə ötən ilin oktyabrından bu ilin aprelinədək cinsi istismara məruz qalıb. Sənədləri əlindən alındığından qaça bilmədiyini deyir. Kirayə qaldığı evə səhər 6-da gətirilib, qapı kilidlənib, axşam 8-də «işə» aparılıb. İşlədiyi saunada hər gecə azı 4-5 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyir:
«O oğlan bizi evə özü aparıb-gətirir, qapını bağlayırdı. Ancaq evdə otururduq. Səhər 5-7 arası evə gətirirdi, axşam 7-8 olunca, «işə» aparırdı. Heç nə edə bilmirdim. Şəxsiyyət vəsiqəmi də aldılar. Bir az azərbaycanca öyrənməliydim ki, danışa bilim. Rəfiqəm yavaş-yavaş mənə dili öyrətdi, sonra 2-3 aydan sonra çıxıb getdi – «narahat olma, gələcəyəm, uşağım xəstədir» – dedi. Mən də razılaşdım. Gözlədim, gəlmədi, 1-2 ay keçdi. Mən də düşündüm özüm nəsə edim, ancaq heç nə edə bilmirdim».
ÖLKƏSİNƏ QAYITMAQ İSTƏMİR
Bu ilin martında bu dəfə Türkmənistandan gəlmiş yeni bir qız onlara qoşulur. Bir neçə gün həmin qızla bir evdə qalandan sonra Zərifə onun nəzarətçisi olan oğlanın yeni gələn qızı zorladığını görür. Dediyinə görə, halına acıdığından onu xilas etmək qərarına gəlir. Mağazaya getmək bəhanəsiylə yalan uydurub oğlandan evin açarını alır, qızın evdən qaçmasına kömək edir. Bir neçə gündən sonra həmin qız polislə gəlib Zərifəni xilas edir, ona nəzarət edən də həbs olunur. Zərifə isə geriyə, öz ölkəsinə dönmək barədə eşitmək belə istəmir, anasının təzyiqlərindən qorxduğunu deyir. Ancaq eyni zamanda bacısının taleyindən narahatlığını da dilə gətirir:
«Mən oxumamışam, 8, ya 9 yaşında məktəbə getmişəm. Ötən il pasportumda 20 yaşına dolmağım diqqətimi çəkdi. Nə bir gün görmüşəm, nə də birindən mehribanlıq. Mən ucqar kənddə böyümüşəm. Anam elə xasiyyətli, mən də pis yola düşdüm. Kiçik bacım qız uşağıdır, onun oxumağını, təhsil almağını istəyirəm (kövrəlir). Ailəmlə telefonla danışırıq. Söz-söhbətdən başım ağrıyır. Anam «çıx get, buralara gəlmə» deyir. Buraya yavaş-yavaş öyrəşirəm. Özüm üçün yaşayıram. Geri qayıtmaq istəmirəm» (ağlayır).
Zərifə söhbətində nəzarətçisinin Mehman adlı bir şəxs olduğunu deyir. Elə bu ilin aprelində İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yaydığı məlumatda Mehman Həsənov adlı şəxsin saxlandığı, onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək başqa ölkə vətəndaşı olan qadınları cinsi istismara cəlb etdiyi bildirilirdi.
2012-ci ildə Azərbaycanda 17 nəfər qul əməyinin, 36 qadın da sekc amaclı insan alverinin qurbanı kimi müəyyən edilib. Elə həmin il 12 nəfər seks məqsədli insan alverinə görə cəzalandırılıb. 2011-ci ildə bu rəqəm 20-yə çatıb. Bu şəxslər 4 ildən 10 ilədək azadlıqdan məhrum ediliblər.
Azərbaycan Cinayət Məcəlləsinin 144-cü maddəsi seks və məcburi əmək məqsədli insan alverini qadağan edir və buna görə 5 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur./azadliqradiosu/