Son zamanlar Bakıda Çin masajı salonları sürətlə artmağa başlayıb. Bu obyektlərin gigiyenik vəziyyəti və digər şəraiti mətbuatda dəfələrlə tənqid edilsə də bir nəticəsi olmayıb. Bir neçə Çin masaj salonlarında olub oradakı şəraitlə və qiymətlərlə tanış olduq. “Qara Qarayev” metrosu yaxınlığında üzərində “Çin masaj salonu” bildirişi asılmış böyük lövhə vurulan qapıdan içəri keçirik.
Salonun adı “Xao Yuo”dur. İşıqlı otaqda hər cür şərait yaradılıb. Dəhlizdə dayanan 5 çinli qız yarıçılpaq vəziyyətdə bizə yaxınlaşır. Onlardan biri - Xuli adlı xanım inzibatçı olduğunu deyərək qiymət cədvəlini bizə uzadır. “Çin gözəli”nin sözlərinə görə, onların xidmətindən həm qadınlar, həm də kişilər yararlana bilər. Qiymətlərə gəlincə isə ümumi masajın 90 dəqiqəsi - 30 manat, 1 saatı - 20 manat, 40 dəqiqəsi - 15 manatdır. Yağlı masajın 1 saatı - 30 manat, 40 dəqiqəsi - 20 manat, 30 dəqiqəsi - 15 manat, kürəyə banka salmaq isə 10 manatdır.
25 yaşı olduğunu deyən Lulu adlı çinli masajçı xanım Azərbaycan dilində çətinliklə danışsa da əl-qol hərəkətləri ilə başa salmağa çalışdı ki, salon gün ərzində 8 saat xidmət göstərir: “Azərbaycanlı oğlanlar bizim masajı çox bəyənirlər”.
Masajçı xanımların əksəriyyəti isə 20-25 yaş arası gənc qızlar idi. İnzibatçı xanım deyir ki, onları masaj sənətinə xüsusi öyrədirlər. Çinli qızların sözlərinə görə, onlar masajla yanaşı müştərilərlə cinsi əlaqədə də olur.
Salonda olduğumuz müddətdə ora çoxsaylı müştərilər gəlirdi. Əsasən gənc oğlanların müraciət etdiyi salonda seçim onların ixtiyarına verilir. Gənc müştərilər isə qiymətdən narazı idi: “Dillərini bilmədiyimiz üçün onları başa salmaqda çətinlik çəkirik. Nə qədər etsək də endirim etmirlər. Özü də bu salondakılar masaj adı altında fahişəliklə məşğul olur. Ancaq bu, məcburi deyil, müştərinin istəyindən asılıdır”.
İnzibatçı Xuli adlı xanım bildirdi ki, onlar icazəsiz fəaliyyət göstərirlər.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında fəaliyyət göstərən belə salonlardan birinə də baş çəkdik. Salonun adı “Fu-Yu”dur. Eyni mənzərəni bu salonda da görmək mümkündür. Burada da qızlar yarıçılpaq vəziyyətdə oturub müştəri gözləyirdilər. Bu salonun inzibatçısı da lisenziyalarının olmadığını söylədi. Burada da qiymətlər demək olar ki, eyni idi. Vaxtdan asılı olaraq qiymətlər dəyişir. Masaj salonunun yaxınlığında yerləşən mağaza işçiləri ilə söhbət zamanı məlum oldu ki, salon əsasən axşam saat 5-dən sonra fəaliyyətə başlayır: “Müştərilərin əksəriyyəti geri qayıdır. Çünki çox bahalıqdır. Həm də onlar masaj adı altında yoluxucu xəstəliklər yayır. Onlara ciddi nəzarət olunmalıdır”.
Araşdırmamız zamanı bəlli oldu ki, bu salonlar masajdan daha çox qanunla qadağan olunmuş başqa fəaliyyətlə məşğuldur və sanitar vəziyyətə məsul dövlət orqanlarından da heç bir razılıq alınmadan fəaliyyət göstərirlər. Bəs bunun fəsadları nə ola bilər?
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova rəhbərlik etdiyi quruma Çin masaj salonlarında çinli qızların fahişəlik xidməti göstərməsi ilə bağlı çoxlu məlumatlar daxil olduğunu dedi: “Əvvəllər Azərbaycanda xırda ticarətlə məşğul olan çinlilər sonradan Çin təbabəti adı altında masaj salonları açmağa başladılar. İndi də həmin salonlarda intim xidmət təklif edirlər. Çinli qızların əksəriyyəti masaj salonlarında fahişəliklə məşğul olur. Onlar müştəriləri cəlb etmək üçün qısa paltarlar geyinir, vulqar kosmetika çəkirlər. Avropada gördüyümüz səhnəni indi Bakıda açıq-aşkar müşahidə edirik. Bu gün Çində çoxlu QİÇS xəstələri var. Ölkəyə gələn miqrantların arasında belələri də ola bilər. Ona görə də onların yanına gedən müştərilər ehtiyatlı olmalıdır. Yaxşı olar ki, həmin insanlar xüsusi masaj klublarına müraciət etsinlər”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, istənilən əcnəbinin işlətdiyi hər hansı obyekt müvafiq qurumların ciddi nəzarətində olmalıdır: “Bu masaj salonlarının nə dərəcədə gigiyenik olması, masaj kabinetlərində çalışanların peşəkarlığı, sanitar-gigiyenik normalara riayət edib-etməməsi yoxlanmalıdır. Onlara ciddi nəzarət edilməlidir, əks təqdirdə yoluxucu xəstəliklər yayıla bilər. Çin masajı Azərbaycan üçün ənənəvi deyil. Ümumiyyətlə, bütün müalicə vasitələrinə nəzarət olunmalıdır. Masajın bir çox növləri var. Ancaq bu salonlarda hər şey masaj adı altında ümumiləşdirilir. Burada masajla yanaşı, fizioloji proseslər də həyata keçirilir. Əgər bu salonlar masaj adı altında fəaliyyət göstərirsə, müvafiq orqanlar onlara icazə verməlidir”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də eyni mövqedədir. Qurumdan bildirdilər ki, bu məsələyə ayrı-ayrı rayonların gigiyena və epidemiologiya mərkəzləri nəzarət edir. Mərkəzdən onu da əlavə etdilər ki, Çin masaj salonlarında mütəmadi olaraq araşdırmalar aparılır.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirdi ki, bu məsələnin nazirliyə heç bir aidiyyəti yoxdur: “Biz Çin masaj salonlarına nəzarət etmirik. Onlara lisenziya, yaxud da hansısa formada icazəni də biz vermirik. Buna yəqin ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildirildi ki, Çin masaj salonlarına onlar nəzarət etmir.
Beləliklə, Çin masaj salonları öz işindədir, dövlət qurumları isə “şap elə bilir şupdadır...” yanıltmacında olduğu kimi, “ciddi iş”lərlə məşğuldur.
// Musavat qəzeti