Binəqədi rayonu, 138 saylı körpələr evi və uşaq bağçasında uşaqlara qarşı yaxşı münasibət göstərilmir.
Bu barədə AZXEBER.COM-un redaksiyasına oxucu məktubu daxil olub. Şikayətçi bağça rəhbərliyindən narazılıq edib:
“Sizə müraciət edərək, Binəqədi rayonu 138 saylı körpələr evi və uşaq bağçasında bizim övladlarımıza olan münasibətdən bəhs etmək istəyirik. 2 ildir, uşaqlarımız yeni açılan qrupa gedirlər. Bağça pulsuz olmasına baxmayaraq bağçanın müdirəsi Sehranə Qasımovanın dediyinə görə, bağça dövlət tərəfindən tam təmin olunmadığı üçün biz hər ay 20 AZN pul ödəyirik. Qrupda isti su olmadığı üçün öz hesabımıza biz bağçanı isti suyla təchiz etmişik.
Qrupa uşaqların ayaq altına xalça və s. nə lazım olubsa, almışıq. Bu 2 il ərzində qrupda texniki işçi saxlanılmaqla, heç bir əsas olmadan dəfələrlə tərbiyəçi müəllimlər ya işdən çıxarılmış, ya da dəyişdirilmişdir. Uşaqlarımız bu yeni müəllimlərə alışmaqda aylarla çətinlik çəkirlər. Müəllimlərin tez-tez dəyişdirilməsi uşaqların psixologiyasına mənfi təsir edir. Bu dəfə isə daha bir yenilik edilmişdir. Belə ki, müəllimlərlə birlikdə texniki işçi də dəyişdirilmişdir. Uşaqlarını məktəbə yola salan müəllimlər qrupa təyin olunmuşdur.
Dəfələrlə müdirə müraciət etsək də, o deyir ki, kimin xoşuna gəlmirsə, uşağını bağçadan çıxartsın. Burada müdir mənəm, nə istəyirəm, onu da edirəm. Sanki valideyinlərlə prinsip aparır. 250-300 Azn rüşvət verib uşağımızı bağçaya düzəltmişik. O kiməsə arxayın olub bütün bu özbaşınalıqları edir. Biz valideyinlərin xahişi odur ki,Qrupun əvvəlki texniki işçisi qrupa qaytarılsın, çünki 3-4 yaşlı körpələr ona çox bağlıdırlar və artıq ona öyrəşiblər.”

