Bakıdakı əli çubuqluların sonu nə olacaq?

Bakıdakı əli çubuqluların sonu nə olacaq?
Bütün Xəbərlər
15:20 18.04.2014
602
“Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər”. Bu fikirləri Prezident İlham Əliyev keçirdiyi son müşavirədə səsləndirib.
Prezident qeyd edib ki, Bakıda yeraltı parkinqlər tikilib. Bu da tıxac probleminin həllinə bir dəstəkdir: “Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir”. 
Prezidentin müşavirədə çıxışından sonra əli dəyənəkli parkinqçilərin Bakı küçələrindən yığışdırılması gözlənilirdi. Elə bunu yoxlamaq üçün Bakının gediş-gəlişli bir-iki küçəsində olub, müşahidə apardıq. Şəhərin mərkəzində, Nizami küçəsinin sağ və sol tərəfində maşınların saxlanıldığın şahidi olduq. Halbuki, həmin ərazinin yaxınlığında iki böyük yeraltı dayanacaq yerləşir. Eyni zamanda bu küçədən keçən yol polisinin “dayanmaq və durmaq qadağandır” yol nişanının əhatə dairəsində aparılan qanunsuz parkinqlə göz yumduğunu şahidi olduq.  
Gecə saat 11-ə kimi parkinqlə məşğul olan Amil Qocayevdən prezidentin müşavirədəki çıxışından xəbəri olub-olmadığnı soruşduq. O isə, acıqlı tonda “Mən televizora baxmıram, vaxtım yoxdur” deyərək, tez getmək istəyən bir sürücünün qabağını kəsib, avtoparkinqin haqqını aldı. 
Amil bildirdi ki, onsuz da gündəlik gəlirləri 10 manatı keçmir: “Onun da 2 manatını yol polisi alır, 3 manatını isə nəqliyyat müfəttişləri... Elə vaxt olur ki, gün ərzində iki dəfə gəlib, pul alırlar. Biz özbaşına deyilik ki, burda dayanıb, parkinqlə məşğul olaq. Küçə kənarında maşınını saxlayan sürücülərin çoxu yaxınlıqdakı mağazalara gedirlər. İşləri qısa olduğundan maşınlarını bizə həvalə edirlər. Birdə ki, biz bu yolda səliqə-sahman yaradırıq. Kim necə gəldi saxlasa, bura keçilməz olar”.
Zərifə Əliyeva küçəsində, “Medikal Center”in qarşısında parkinqlə məşğul olan Seymur isə bunları dedi: “Mən olmasam, bir başqası gəlib, bu işlə məşğul olacaq. Yol polisi və nəqliyyat müfəttişləri özləri bizə icazə verir. Maşınını yol kənarında saxlayan bütün sürücülərdən avtomobilinin hansı müddətə burda qalacağını soruşuram. Əgər çox qalacaqsa, deyirəm ki, yer yoxdur. Bunu həm də ona görə edirəm ki, bir də görürsən, prezident keçir. Polis yolun sağında, solunda nə qədər maşın varsa, yığışdırır”.
Məlumat üçün bildirək ki, aprelin 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtda yaradılmış qeyri-qanuni avtomobil duracaqlarının ləğv edilməsi barədə sərəncam imzalayıb. 
Bakı merinin sərəncamından sonra paytaxtın yalnız mərkəzi küçələrində reydlərin keçirildiyinin şahidi olduq. Heydər Əliyev Sarayının qarşısında keçirilən reyddə Dövlət Yol Polisi ilə Nəqliyyat Nazirliyinin əməkdaşları yol kənarında maşınlarını saxlayaraq, hərəkətə mane olan sürücüləri cərimələnməklə yanaşı, avtomobillərini “Qış bulvarı”nın altındakı yeraltı dayanacağa aparırdı. 
Yol polisləri bildirdilər ki, şəhər kameraları vasitəsi ilə qadağan olunmuş yerlərdə parkinq edilən avtomobillər müəyyən olunduqdan sonra əraziyə evakuator göndərilir və lazımı tədbir görülür. Polis əməkdaşları isə bildirdilər ki, reydlər sutkanın bütün saatlarında həyata keçiriləcək. Yəni, bundan sonra gecə saatlarında da qadağan olunmuş yerlərdə parkinq edilən maşınlar cərimə meydançasına aparılacaqlar.
Yeni Müsavat
OXŞAR XƏBƏRLƏR