Bakının 100 minlik Lexus sürən qadınları - FOTOLAR

Bakının 100 minlik Lexus sürən qadınları -  FOTOLAR
Bütün Xəbərlər
17:33 20.05.2014
4910

Azərbaycanın "Lexus" bazarında qadın hegemonluğu...

Ramil Osmanlı: "Qadınlar dəbdəbəyə kişilərdən daha çox meyllidir"

"Bahalı maşınlardan əsasən şou-biznesdə olan qadınlar istifadə edir ki, onların da ya güclü sponsoru olur, ya da toylardan gözəl pul qazanırlar" 

Maraqlı statistika açıqlanıb. Sən demə Bakıda satılan "Lexus" avtomobillərinin 30 faizinin alıcıları qadınlardır. Bunu "Lexus Bakı" mərkəzinin satış üzrə məsləhətçisi Emin Hüseynov bildirib.  E.Hüseynovun verdiyi məlumata görə, şirkət Bakıda keçirilən avtomobil sərgisində 3 bahalı modellə təmsil olunub. Nümayiş olunan "GS450h F SPORT" modeli 73500 manat, "RX 450 Hybrid" modeli 75150 manat, ən bahalı model sayılan "Lexus 600 Hybrid" isə 138 500 manatdır. Emin Hüseynov qeyd edib ki, "Lexus 600 Hybrid" kimi bahalı modelləri əsasən biznesmenlər, iş adamları və dövlət müəssisələrindən alanlar var. Bölgələrdən isə əsasən özəl şirkətlər bu modeli alırlar. "Lexus"un alıcılarının 30 %-ni isə qadınlar təşkil edir və bu göstərici, demək olar ki, sabitdir.

"Lexus Bakı" mərkəzinin kredit və sığorta işləri üzrə mütəxəssisi Emin Zülfüqarov bildirib ki, ilin əvvəlində avtomobil kreditlərinin dayandırılması satışlara ciddi təsir edib, ümumi satış 40-45 faiz aşağı düşüb. Amma sonradan kreditlərin bərpa olunması nəticəsində, hətta ilkin ödənişin artmasına baxmayaraq, satışlar əvvəlki həddinə qayıdır. Hazırda "Lexus"ların 50 faizini nağd, 50 faizini isə kreditlə alırlar. E.Zülfüqarov bildirib ki, satılan "Lexus"ların hamısı sığortalanır. 

Dünya ölkələri ilə müqayisədə qadınların "fəallığı" ilə bağlı ölkəmizdə yaranmış bu fərqli mənzərənin səbəbi nədir? 

Əmlak üzrə ekspert Ramil Osmanlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, burada bir qədər çaşdırıcı məqam var. Onun sözlərinə görə, ilk əvvəl Bakıda satılan avtomobillər arasında "Lexus"un satılma faizinə fikir vermək lazımdır: "Sizi əmin edirəm ki, bu heç bir faiz də deyil. Ümumən isə qadınların avtomobilə olan meylində artan tendensiya var. Bu ona görədir ki, avtomobil artıq prestij yox, normaya çevrilib. Mən deməzdim ki, bizim qadınlar yalnız "Lexus"a meyllidir. Digər bahalı avtomobillərə də onların marağı var. İndi bu statistikanı "Lexus" açıqladığı səbəbindən, biz həmin istiqamətdə danışırıq. Birincisi, qadınlar dəbdəbəyə kişilərdən daha çox meyllidir. İkincisi, son vaxtlar yüksək əməkhaqqı alan qadınlarımızın sayında artım müşahidə olunur. Üçüncüsü, kişilərimiz avtomobildən çox istifadə etdiyi üçün iri mühərrikli maşından qaçır. Qadınlar üçün isə bu o qədər də böyük önəm kəsb etmir. Digər bir faktor isə hansı təbəqəyə aid olan qadınlarla bağlıdır. Bahalı maşınlardan əsasən şou-biznesdə olan qadınlar istifadə edir ki, onların da ya güclü sponsoru olur, ya da toylardan gözəl pul qazanırlar". (Teleqraf.com)

OXŞAR XƏBƏRLƏR