Bakı gündüz saatlarında sürətli həyat ritmi ilə yaşayan şəhər olsa da, bəzi sahələr üçün günün ən aktiv vaxtı məhz gecə saatlarıdır.
Paytaxtın gündüz görünən iqtisadiyyatından fərqli olaraq, gecə iqtisadiyyatı daha səssiz, lakin bir çox sahələr üçün gəlirli bir sistem kimi fəaliyyət göstərir.
Bəs Bakı gecələrində hansı sahələr pul dövriyyəsi yaradır? Şəhər yatarkən kimlər işləyir və kimlər qazanır?
Mövzu ilə bağlı AZXEBER.COM araşdırma aparıb.
Taksi sektoru
İlk növbədə taksi sektoru gecə iqtisadiyyatının əsas hissələrindən biridir. Gün ərzində nəqliyyat sıxlığı səbəbindən bəzi sərnişinlər alternativ yollar axtarsa da, gecə saatlarında ictimai nəqliyyat imkanlarının azalması taksi xidmətlərinə tələbi artırır. Xüsusilə restoranların və əyləncə məkanlarının yerləşdiyi ərazilərdə gecə saatlarında taksi hərəkətinin daha çox olduğu müşahidə edilir.
Restoran və əyləncə məkanları
Gecə iqtisadiyyatında restoran və əyləncə sektoru da xüsusi yer tutur. Paytaxtın bəzi ərazilərində, xüsusilə mərkəzi küçələrdə fəaliyyət gecə saatlarında da davam edir. Kafelər, restoranlar və əyləncə məkanları üçün axşam və gecə saatları əsas gəlir dövrlərindən birinə çevrilə bilər.
Çatdırılma xidmətləri
Son illərdə gecələr fəaliyyət göstərən sahələrdən biri də çatdırılma xidmətləridir.
İnsanların həyat tərzinin dəyişməsi ilə gecə saatlarında yemək, market məhsulları və digər xidmətlərə sifarişlərin sayı artıb.
Marketlər
24 saat fəaliyyət göstərən marketlər də gecə iqtisadiyyatının bir hissəsidir. Gecə saatlarında bu obyektlərə müraciət edən insanların sayı gündüzlə müqayisədə az olsa da, müəyyən məhsullar üzrə satış davam edir.
Səhiyyə sektoru
Şəhərin heç vaxt dayanmayan sahələrindən biri də səhiyyə sektorudur. Gecə saatlarında xəstəxanalarda həkimlər, tibb bacıları, təcili yardım əməkdaşları, apteklər və texniki heyət fəaliyyətlərini davam etdirirlər.
Media
Xəbər saytlarının redaktorları, jurnalistlər, foto və video operatorlar, televiziya əməkdaşları baş verən hadisələri izləmək və operativ məlumat hazırlamaq üçün gecə saatlarında da işləyirlər. Xüsusilə beynəlxalq xəbərlər, fövqəladə hadisələr və mühüm qərarlar media əməkdaşlarının gecə növbəsində fəaliyyət göstərməsini zəruri edir.
Gecə növbəsində çalışan əməkdaşlar
Gecə iqtisadiyyatı yalnız biznesdən ibarət deyil. Bu sistemin arxasında minlərlə insan çalışır. Gecə növbəsində işləyən mühafizəçilər, tibb işçiləri, yanacaqdoldurma məntəqələrinin əməkdaşları, otel işçiləri və digər xidmət sahələrinin nümayəndələri şəhərin fasiləsiz fəaliyyətini təmin edirlər. Aşpazlar, ofisiantlar, barmenlər, administratorlar və mühafizəçilər gecə saatlarına qədər fəaliyyət göstərən məkanların əsas əməkdaşlarıdır. Xüsusilə həftəsonları restoran və əyləncə sektorunda çalışanların yükü artır. Gecə həyatının aktiv olduğu məkanlarda yüzlərlə insan xidmət göstərərək gəlir əldə edir.
Fəridə Əsədzadə












































