Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov və Vasif Əliyev küçələrində, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda transformator məntəqəsində aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirəkəşkül”, "Çaylı” və "Cəngi” yarımstansiyaları, eləcə də "Pirəkəşkül” yarımstansiyasından qidalanan bir sıra 6 kV-luq hava xətləri gərginliksiz qalacaq. Nəticədə Çaylı, Cəngi və Təzəkənd kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bildirilib ki, təmir işləri elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, enerji itkilərinin minimuma endirilməsi və artan yük tələbatının qarşılanması məqsədi daşıyır.











































