Bakıya yağış yağdı, taksilər qiyməti qaldırdı - Taksi bazarında kim nə istəyir edir...

SOSİAL
14:05 17.07.2023
1647
Hər zaman olduğu kimi bu gün də yağışın yağması paytaxt yollarına və ictimai nəqliyyatın vəziyyətinə təsirsiz ötüşməyib.

Bakıda və Abşeron yarımadasında başlayan yağıntılı hava şəraiti bu gün səhər saatlarında taksi xidmətinə tələbatın artmasına gətirib çıxarıb.

Vəziyyətdən istifadə edən taksi şirkətlərinin qiymətləri az qala 40-50% bahalaşdırdığı bildirilir. 

Bəs, Bakıda yağışlı havada belə problemlərin yaşanması nədən qaynaqlanır?

Bununla bağlı nəqliyyat eksperti Fərhad Eyyubov AZXEBER.COM-a açıqlama verib.

Onun sözlərinə görə, problemlərin obyektiv və subyektiv səbəbləri var:

"Elə hallar var ki, insanlar tərəfindən problemlər yaradılır. Ancaq yağış, buzlu vəziyyət yarandıqda hər zaman belə vəziyyət yaranır. Yağışlı havada 20-ə qədər sürətlənmə həddində yolun buraxma qabiliyyəti azalır. Belə şəraitdə tıxaclar əmələ gəlməsi təbiidir. Taksilərdə qiymət artımı isə subyektiv problemdir. Əslində, bu belə olmamalıdır. Əgər taksi sürücülər çətin şəraitdə qiyməti artırırlarsa, yaxşı vəziyyətdə azaltmalıdırlar”.
 


Fərhad Eyyubov hesab edir ki, taksi qiymətləri tənzimlənmir, taksilərə nəzarət çox zəif vəziyyətdədir:

"Taksi şirkətləri özbaşına qiymət nəzərdə tuturlar. Taksi daşımalarında taksometr deyilən aparat var. Bunu cihazda göstəricilərə uyğun qiymətlər nizamlanır.
Taksi daşımalarında qiymətlər pullu yürüş məsafəsinə, pullu dayanma vaxtına görə hesablanır. Bu müqavilə tarifləri kimi nəzərdə tutulsa da, sürücülər özbaşına şəraitdən asılı olaraq qiymətləri artıra bilirlər. Bu da düzgün yanaşma deyil. 2019-2023-cü il üçün dövlət proqramı var. Ümid edirik ki, bu proqrama əsasən bəzi məsələlər nəzərdə tutulub, həllini tapar. Çünki hazırkı vəziyyət qənaətbəxş hesab olunmur”. 

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR