Sentyabrın 29-dək respublikanın rayonlarında qeyri-sabit, arabir yağışlı və küləkli hava şəraiti gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün, o cümlədən, mərkəzi-aran rayonlarında pambığın yetişməsi üçün kifayət qədər olacaq. Küləkli hava şəraiti bəzən pambığın yığımı və qurudulması, üzümün, meyvə və bostan bitkilərində məhsul yığımını, çoxillik otların biçini və yağıntılarla birgə bəzən səpiləcək payızlıq dənli bitkilər üçün nəzərdə tutulan tarlalarda səpinqabağı işlərin aparılmasını çətinləşdirəcək. Bəzi rayonlarda gözlənilən yağıntılar torpağın su təminatının yaxşılaşdırılması və məhsuldar su ehtiyatlarının toplanması üçün əlverişli olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən anspress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun gecə 15-18, günün birinci yarısında 21-25, axşama doğru 14-16 dərəcə isti olacağı gözlənilir.